Azərbaycanda ağır yol qəzası: biri teleaparıcı olmaqla, üç nəfər xəsarət alıb
11 İyun 2012 Bazar Ertəsi 10:25
Yevlax-Zaqatala-Gürcüstan magistral yolunda "VAZ 2106" "VAZ 21099"la toqquşub.
Yevlax-Zaqatala-Gürcüstan magistral yolunda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi idarəsinin regional bölməsindən məlumat verilib.
Qəza Yevlax-Zaqatala-Gürcüstan magistral yolunun 119-cu km-də, Zaqatala rayonu ərazisində qeydə alınıb. Zaqatala rayonu Qımır kənd sakini, 1974-cü il təvəllüdlü Musayev Cavanşir Ata oğlunun idarə etdiyi "VAZ 2106" markalı, 62 BF 855 dövlət nömrə nişanlı avtomobillə, Zaqatala rayonu Muxax kənd sakini, 1980-ci il təvəllüdlü Osmanov İlham Məmmədcan oğlunun idarə etdiyi "VAZ 21099" markalı, 61 BD 648 dövlət nömrə nişanlı avtomobil toqquşub.
Toqquşmadan sonra İlham Osmanovun idarə etdiyi avtomobil yolun kənarına aşıb. Baş vermiş qəza nəticəsində hər iki avtomobilin sürücüsü və İlham Osmanovun avtomobilində olan sərnişin, 1983-cü il təvəllüdlü, Zaqatala rayonu Muxax kənd sakini Mollaçıyev Abdurahman İsmayıl oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Onlar Zaqatala Mərkəzi Rayon Xəstəxanasına (MRX) yerləşdiriliblər. Zaqatala MRX-dan APA-ya verilən məlumata görə, yol qəzası zamanı xəsarət alanların vəziyyəti orta ağır qiymətləndirilir.
Faktla bağlı Baş Dövlət Yol Polisi idarəsinin regional bölməsində araşdırma aparılır. Qeyd edək ki, yol qəzası zamanı xəsarət alan Abdurahman Mollaçıyev Şəkidə fəaliyyət göstərən “Kanal-S” regional televiziyasının aparıcısıdır.
DOSTLARINLA PAYLAŞ: