«Azerbaijan Coca-Cola Bottlers» şirkəti inhisarçılıqda ittiham olunur
19 Aprel 2012 Cümə Axşamı 12:15
«Azerbaijan Coca-Cola Bottlers» MMC barəsində antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırılıb.


Azərbaycan İqtisadi İnkişaf Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, «Azerbaijan Coca-Cola Bottlers» MMC-nin aprelin 16-dan 1 və 2 litrlik şəkərli sərinləşdirici spirtsiz içkilərin («Coca-Cola», «Sprite» və «Fanta») qiymətlərini artırmaq niyyəti ilə əlaqədar, müəssisənin bu hərəkətində bazarda hökmran mövqedən sui-istifadə hallarının, o cümlədən süni qiymət artımının olub-olmamasının araşdırılması üçün İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən şirkətdən zəruri məlumatlar tələb edilib.

«Lakin müəssisə tələb olunan məlumatları tam şəkildə təqdim etməyib və nəzərdə tutulan qiymət artımı iqtisadi cəhətdən əsaslandırılmayıb», - deyə Nazirlikdən bildirilib.

«Azerbaijan Coca-Cola Bottlers» MMC-nin şəkərli sərinləşdirici spirtsiz içkilər bazarında hökmran mövqe tutması ilə əlaqədar bu bazarda rəqabətin vəziyyətinə və qiymətlərə təsir göstərmək imkanına malik olduğunu, qiymətlərin iqtisadi cəhətdən əsaslandırılmadan artırılmasının hökmran mövqedən sui-istifadə edilməsinə və qiymətlərlə manipulyasiya edilməsinə səbəb ola biləcəyini nəzərə alaraq, aprelin 16-dan 1 və 2 litrlik şəkərli sərinləşdirici spirtsiz içkilərin qiymətlərinin artırılmasının təxirə salınmadan dayandırılması barədə Dövlət Xidməti tərəfindən şirkətə məcburi göstəriş verilib.

Buna baxmayaraq, son günlər aparılan monitorinqlər zamanı «Azerbaijan Coca-Cola Bottlers» MMC tərəfindən 1 litrlik şəkərli sərinləşdirici spirtsiz içkilərin («Coca-Cola», «Sprite» və «Fanta») qiymətlərinin artırıldığı və nəticədə bu məhsulların pərakəndə satış qiymətlərinin 50 qəpikdən 60 qəpiyədək bahalaşdığı müəyyən edilib.

Dövlət Xidmətinin icrası məcburi göstərişinə əməl edilməməsi ilə əlaqədar «Azerbaijan Coka-Cola Bottlers» MMC barəsində antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırılıb və araşdırmalara başlanıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar