Avtoş avtomobilini polisin üstünə sürdü
24 İyul 2012 Çərşənbə Axşamı 07:16
Artıq paytaxtda avtoşluq edən motosikl sürücüləri də peyda olub.
Bu gecə Bakı şəhər Baş polis idarəsi və Yasamal rayon polis idarəsinin əməkdaşları Füzuli meydanında ictimai asayişi kobud sürətdə pozan sürücülərə qarşı növbəti reydini həyata keçirdi. Reydin əsas məqsədi avtohəvaskarlıq edərək paytaxt sakinlərinə həm yollarda, həm də evlərində dinclik verməyən sürücüləri müəyyən etməkdən ibarət idi. Bu cür sürücülərin müəyyən edilərək məsuliyyətə cəlb edilməsi üçün paytaxt polisi var gücünü ortaya qoydu.
Reyd zamanı polislərin saxlama əmrinə tabe olmayan, hətta avtomaşını hüquq-mühafizə orqanları əməkdaşlarının üzərinə belə sürməkdən çəkinməyən sürücülərə rast gəlindi.
Qeyd edək ki, gecə ərzində paytaxt küçələrində avtomaşın idarə edərkən qaydaları pozan və polislərə tabe olmayan xanım sürücülərə də rast gəlindi. Bir qədər sonra həmin sürücü idarə etdiyi "KIA" markalı avtomaşınla birlikdə saxlanıldı.
Reyd zamanı avtomaşınların konstruksiyalrında dəyişiklik edən, o cümlədən nəqliyyat vasitələrini pərdə və ployonkalı şəkildə idarə edən bir neçə sürücü də müəyyən edildi. Həmin sürücülər barəsində də qanuna uyğun tədbirlər həyata keçirildi.
Artıq bir neçə vaxtdır ki, Fuzuli meydanına avtomaşınlarla yanaşı motoskilet sürücüləri də şou göstərməyə toplaşırlar. Gecə ərzində motoskiletləri heç bir təhlükəsizlik tədbirlərinə riayət etmədən idarə edən bir neçə sürücü də saxlanılaraq barələrində inzibati protokollar tərtib edildi.
Reyd zamanı saxxlanılan avtomaşınlar cərimə dayanacağına, nəqliyyat vasitələrinin sahibləri isə izahatlarının alınması üçün polis bölməsinə aparıldı. Bakı şəhər baş polis idarəsindən aldığımız məlumata görə, ictimai asayişi kobud sürətdə pozan sürücülərə qarşı mübarizə tədbirləri bundan sonra da davam etdriləcək.
DOSTLARINLA PAYLAŞ: