ATƏT-in monitorinq keçirdiyi ərazidən güllə səsləri gəldi
01 Aprel 2011 Cümə 12:49
Monitorinqin pozulub-pozulması barədə məlumat verilməyib
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq bu günqoşunların təmas xəttində - Azərbaycan Respublikasının Füzuli rayonunun Aşağı Əbdülrəhmanlı kəndinin cənub-qərbində monitorinq keçirilib. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, ATƏT nümayəndələri səhər saatlarında ilk olaraq Horadiz qəsəbəsindı yerləşən Füzuli rayon İcra Hakimiyyətinə gəliblər. Onlara cəbhə xəttindəki, kənddəki vəziyyət barədə məlumat verilib.
Bundan sonra ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Xristo Xristov və Uilyam Praroy monitorinq keçirmək üçün Füzuli rayonunun Aşağı Əbdülrəhmanlı kəndinin cənub-qərbindəki təmas xəttinə gediblər.
Bölgə müxbirinin məlumatına görə, 15 dəqiqə yaxın davam edən monitorinq zamanı adıçəkilən ərazidən 5-6 silah səsi eşidilib. Ancaq monitorinqin pozulub-pozulması barədə məlumat verilməyib.
Qeyd edək ki, monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Xristo Xristov və Uilyam Praroy keçiriblər. Təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik, ofisin koordinatoru İmre Palatinus, səhra köməkçiləri Antal Herdiç və Marius Puodziunas izləyib.
DOSTLARINLA PAYLAŞ: