Astarada daha təhlükəli vəziyyət yarana bilər
20 Fevral 2010 Şənbə 22:35
Sürüşmə nəticəsində parçalana qaya xeyli sayda ev üçün təhlükə yaradıb
Astara rayonunun Kijəbə qəsəbəsində torpaq sürüşməsi baş verib. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, sürüşmə təqribən 2 hektar ərazini əhatə edir. Torpaq sürüşməsi nəticəsində qəsəbə sakini Bəylər Vəliyevin evi tamamilə dağılıb, Hafiz Rəsulovun, Sabir Fətullayevin, Kəsirə Cavadovanın evləri yaşayış üçün yararsız vəziyyətə düşüb, 11 evdə çatlar yaranıb. Rayon Fövqəladə Hallar Komissiyasının sədri Məzahir Hüseynov bildirib ki, hadisə ilə bağlı dərhal FHN-nə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə məlumat verilib.

Dünən hər iki nazirliyin mütəxəssisləri sürüşmə zonasında olub və 3 evin sakinlərinin təcili evakuasiya olunması barədə dərhal qərar qəbul olunub. 2 ailə qəsəbə sahə xəstəxanasına, 1 ailə isə yaxınlarının evinə köçürülüb. Qəfil sürüşmə köçürülən sakinlər üçün çoxlu problemlər yaradıb.

Zərər çəkən sakinlər sürüşmənin hələ ötən ilin yanvarında başldığını, bu ilin yanvarında fəallaşdığını bildiriblər. “Keçən ilin yanvar ayından başladı çatlar əmələ gəlməyə. Bu ilin yanvarında isə çatlar böyüməyə başlayıb”,-deyə zərərçəkən Sabir Fətullayev bildirib.

Hadisə yerində olan Astara rayon FHK-nın sədri Məzahir Hüseynov sürüşmə ilə bağlı daha bir narahatlıq doğuran məsələnin olduğunu bildirib. “Rayonun Maşğan kəndində çəkisi təqribən 100 tondan da ağır olan qaya parçası sürüşmə nəticəsində parçalanmağa məruz qalıb. Əgər bu daş yerindən qopub düşsə yaxınlıqda xeyli sayda ev ziyan çəkə bilər”,-deyə o bildirib.

Qeyd edək ki, ərazidə sürüşməyə səbəb kimi havaların yağmurlu keçməsi göstərilir.ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar