Astara sakini evi ilə birgə yandı
22 Yanvar 2011 Şənbə 11:00
Hadisə dünən axşam saatlarında baş verib. Astara sakini evi ilə birgə yanıb.
Astara rayonunun Qamışovka kəndində yaşayış evində yanğın hadisəsi baş verib. ANS PRESS-in bölgə müxbirinin məlumatına görə, bu barədə Astara Dövlət Yanğından Mühafizə Hissəsinə saat 21.44-də rayon polis şöbəsindən məlumat daxil olub.
Dərhal hadisə yerinə Astara Dövlət Yanğından Mühafizə Hissəsindən 2 yanğınsöndürən maşın çıxıb. Əlavə olaraq Lənkəran yanğınsöndürənləri də bir maşınla köməyə gedib. Yanğınsöndürənlərin səyi nəticəsində alov saat 22.30 radələrində tam söndürülsə də nəticə ürəkaçan olmayıb. Ev sahibi 51 yaşlı Yevgeni Qavriloviç Şpakov yanğın zamanı dünyasını dəyişib.
Astara Dövlət Yanğından Mühafizə Hissəsinin rəisi Rəcəb Məmmədov bildirib ki, yanğın söndürüldükdən sonra otaqlar müayinədən keçirilib və pilləkən qəfəsinin altından onun meyiti tapılıb.
Üumi sahəsi 168 kvadratmetr olan 3 otaq, bir mətbəx və bir aynəbənddən ibarət evin 24 kvadratmetr sahəsi tam yanıb. Tikilinin digər hissəsləri yaşayış üçün yararsız vəziyyətə düşüb. Evin ən çox aynabənd hissəsi yandığından ehtimal olunur ki, yanğın bu hissədən başlayaraq yayılıb. Məlumata görə, yanğın elektrik xətlərində baş verən qısaqapanmadan törəyib. Belə ki, ev sahibi qeyri-standart ölçülü elektrik qızdırıcısını qoşduqdan sonra nəzarətsiz saxlayıb.
Meyit daxili və xarici müayinə üçün Astara rayon məhkəmə tibbi pataloji anatomiya mərkəzinə aparılıb. Ölümün dəqiq səbəbləri bu gün aparılacaq müayinənin nəticələrindən sonra bəlli olacaq.
Məlumat üçün deyək ki, mərhum Yevgeni Şpakovun ailə üzvləri bir müddət əvvəl Rusiyaya köçdüyündən kənddə Jenya ləqəbi ilə tanınan Yevgeni tək yaşayırmış. Sakinlər onu içki düşkünü kimi xarakterizə edirlər. Onların bildirdiyinə görə, mərhum çox vaxt içkili olurmuş. Çox gümün ki, yanğın baş verən zaman da Jenya içkili olub. Bunu yanan ərazidəki boş içki şüşələrinin olması da təsdiqləyir.
Faktla bağlı Astara rayon prokurorluğunda araşdırmalara başlanılıb, istintaq aparılır. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: