Ağdamda azyaşlı quduzluqdan ölüb
14 İyun 2010 Bazar Ertəsi 11:45
Valideyinləri onu həkimə aparsalar da it dişləməsini həkimdən gizlədiblər.
Ağdamın Aşağı Baharlı kəndində 12 yaşlı məktəbli it dişləməsi nəticəsində səhhətində yaranan problemlərdən dünyasını dəyişib.

APA-nın Qarabağ bürosunun məlumatına görə, 1998-ci il təvəllüdlü Xəlilov Hətəm Hadi oğlunu saxladığı it mayın 15-də dişləyib. Yara cüzi olduğundan valideynləri buna əhəmiyyət verməyiblər. Ancaq bir neçə gündən sonra uşaq öskürməyə başlayıb. Dəfələrlə həkimə müraciət etmələrinə baxmayaraq, onun səhhəti gündən-günə pisləşib. Hətəm Xəlilovun qohumları etiraf ediblər ki, uşağı it dişlədiyini həkimə deməyiblər.

Paytaxta aparılan xəstənin quduzluq xəstəliyinə yoluxduğu məlum olub. Vəziyyəti ağırlaşan məktəblini xilas etmək mümkün olmayıb. O, iyunun 12-də vəfat edib.

Ağdam Mərkəzi Rayon Xəstəxanasının kollektivi bundan sonra hadisənin qeydə alındığı yaşayış məntəqəsini nəzarətə götürüb. Mərhumun qohumları bildiriblər ki, məktəblini dişləyən it həyətdən qaçıb.

Ağdam Mərkəzi Rayon Xəstəxanasından bildirilib ki, mərhum şagirdin quduzluq xəstəliyinə tutulduğu məlum olduğu andan onun qohumları, qonşuları və təmasda olduğu güman edilən hər kəsə quduzluq əleyhinə vaksin vurulub. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar