8-ci kilometr bazarında bıçaqlanma hadisəsi
21 Dekabr 2010 Çərşənbə Axşamı 05:30
Cinayəti törədən şəxs hadisə yerindən qaçıb
Ötən gecə paytaxtın Nizami rayonunda bıçaqlanma hadisəsi baş verib. Hadisə nəticəsində 8-ci kilometr bazarında yük daşımaqla məşğul olan 1987-ci il təvəllüdlü Bəşirov Pərviz İldırım oğlu naməlum şəxsin bıçaqlı hücumuna məruz qalıb. Pərvizə çalışdığı bazarın yaxınlığında bir bıçaq zərbəsi endirən şəxs cinayətdə istifadə etdiyi bıçaqla birlikdə ərazidən uzaqlaşıb. Yaralı isə hadisə şahidlərinin köməkliyi ilə ağır vəziyyətdə 3 saylı şəhər xəstəxanasına çatdırılıb.
Hadisə barədə Nizami rayon polis idarəsi 24-cü polis bölməsinə məlumat daxil olan kimi dərhal əməliyyat-istintaq qrupu yaradılıb. Hadisə yerinə baxış keçirən polis əməkdaşları zərərçəkmişin ilkin izahatını almaq üçün xəstəxanaya yollanıblar. Pərviz polislərə verdiyi izahatında onu vuran şəxsi tanımadığı və 8-ci kilometr bazarında birinci dəfə gördüyü şəxslə mübahisə etdiyi zaman bıçaqlandığını bildirib.
Qeyd edək ki, Pərvizi bıçaqlayan şəxsin elə onun kimi 8-ci kilometr bazarında yük daşımaqla məşğul olduğu bildirilir. Pərvizin izahatında dediklərinin nə qədər doğru olub-olmaması isə bölmədə başlanan araşdırmalardan sonra məlum olacaq. Hazırda bölmənin əməkdaşları Bəşirova bıçaq xəsarətləri yetirən şəxsin axtarışlarını davam etdirir.
DOSTLARINLA PAYLAŞ: