31 yaşlı şəxs bıçaq zərbələri ilə qətlə yetirilib
22 Dekabr 2010 Çərşənbə 05:20
Mərhum mütəmadi olaraq narahat etdiyi qadının dayısı oğlu tərəfindən öldürülüb
Ötən gecə paytaxtın Binəqədi rayonu 7-ci mikrarayon Süleyman Sani Axundov küçəsi 13/37 ünvanında qətl hadisəsi baş verib. Beşmərtəbəli yaşayış evinin dəhlizində qeydə alınan hadisə zamanı 1979-cu il təvəllüdlü Aslanov İlqar Xanlar oğlu naməlum şəxs tərəfindən qətlə yetirilib. Mərhum binanın girişində aldığı çoxsaylı bıçaq zərbələri nəticəsində elə dəhlizdə dünyasını dəyişib.
Hadisə barədə məlumat daxil olan kimi Binəqədi rayon polis idarəsi, 5-ci polis bölməsi və rayon prokurorluğunun rəhbər şəxsləri hadisə yerinə yollanıb. Ekspert kriminalistlər iştirakı ilə meyid hadisə yerində xarici müayinədən keçirilib.
Məhkəmə tibbi eksperti Eldar Ələkbərov zərərçəkmişin qan itirmədən öldüyünü deyib: “Xarici müayinə zamanı məlum oldu ki, onun boyun nahiyyəsində, döş qəfəsinin ön sol və sağ yarısında, eləcə də bel nahiyyəsində çoxlu sayda kəsilmiş deşilmiş yara var. Hadisə yerində olan qan gölməçəsi mərhumun qan itirmədən dünyasını dəyişdiyini deməyə əsas verir. Ölümün dəqiq səbəbi daxili ekspertizadan sonra məlum olacaq”.
Cinayətin qeydə alındığı ünvanın müayinəsi və sakinləri ilkin izahatları zamanı qətlə yetirilən şəxsin hadisə baş verən binada yaşamadığı məlum olub.
Binəqədi polisinin isti izlərlə apardığı araşdırmalar zamanı isə qətlin təfərrüatlarına aydınlıq gətirilib. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində İlqar Aslanovu qətlə yetirən 27 yaşlı Hacıyev Şirəli Vahid oğlu şübhəli şəxs qismində saxlanılaraq istintaqa təhvil verilib.
Araşdırmalar zamanı məlum olub ki, dünyasını dəyişən şəxs mütəmadi olaraq Şirəli Hacıyevin 7-ci mikrarayon Süleyman Sani Axundov 13/37 mənzil 10 ünvanında kirayə yaşayan bibisi qızı 34 yaşlı Ruqiyyə Abbasovanı narahat edirmiş. Bir uşaq anası olan Abbasova İlqarın hərəkətlərindən cana doyduğundan bu barədə dayısı oğlu Şirəli Hacıyevi məlumatlandırmaq qərarına gəlir. Hadisə günü bibisi qızının yaşadığı ünvanda İlqarın yenidən Ruqiyyəni narahat etdiyini görən Şirəli sonda çıxış yolunu Aslanovu qətlə yetirməkdə görüb.
Qeyd edək ki, hadisə vaxtı Şirəli və İlqarın mübahisə etdiyini görən Ruqiyyə Abbasova tərəfləri ayırmağa cəhd göstərərkən özü də əl nahiyyəsindən yüngül dərəcəli bıçaq xəsarətləri alıb.
Faktla bağlı Binəqədi rayon prokurorluğunda Şirəli Hacıyev barəsində cinayət məcəlləsinin qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanılıb. İstintaq tədbirləri davam etdirir.
DOSTLARINLA PAYLAŞ: