Xocalı və Çexiyanın Lidiçe şəhəri qardaşlaşacaq
22 Fevral 2010 Bazar Ertəsi 12:55
Fevralın 26-da iki şəhər arasında protokol imzalanacaq
Fevralın 26-da Xocalı və Lidiçe şəhərlərinin icra hakimiyyəti başçıları bu şəhərlərin qardaşlaşması barədə protokol imzalayacaqlar. Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) mətbuat xidmətinə Praqada fəaliyyət göstərən “Azər-Çex” Cəmiyyətinin sədri Elşən Nəzərov məlumat verib.

“Bu, Azər-Çex Cəmiyyətinin təşkilatçılığı, DİDK və Azərbaycanın Çexiyadakı səfirliyinin dəstəyi ilə Lidiçe Xatirə Kompleksində Xocalı faciəsinin 18-ci ildönümü ilə əlaqədar keçiriləcək tədbir çərçivəsində baş tutacaq”, - deyə Elşən Nəzərov bildirib.

Onun sözlərinə görə, həmin gün Lidiçe muzeyində Heydər Əliyev Fondunun hazırladığı fotosərgi təqdim olunacaq, çexiyalı mütəxəssis Helena Masnikova Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında məruzə ilə çıxış edəcək və Xocalı qətliamından bəhs edən sənədli film nümayiş olunacaq.

“Tədbirdə Çexiyanın mədəniyyət naziri Vatslav Riedlbauch, Çexiya Parlamenti və Senatının, Çexiyadakı diplomatik korpusun əməkdaşları, Azərbaycan Milli Məclisinin deputatları, Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları, Xocalı Şəhər İcra Hakimiyyətinin, bu ölkədəki diasporumuzun nümayəndələri və digər qonaqlar iştirak edəcək”, - deyə o əlavə edib.

Qeyd edək ki, Lidiçe şəhər rəhbərliyinin qərarına görə, buradakı küçələrdən birinə Xocalı adı veriləcək. Bu barədə rəsmi qərarı bir neçə gün əvvəl Lidiçe şəhər icra hakimiyyətinin başçısı Yozef Klima “Azər-Çex” Cəmiyyətinə təqdim edib.

Xatırladaq ki, Lidiçe 1942-ci ildə alman faşistləri tərəfindən yerlə-yeksan edilib, əhalisi isə terrora məruz qalıb. Xocalı və Lidiçe faciələrinin oxşarlığı “Azər-Çex” Cəmiyyətinin 2007-ci il fevralın 26-da Lidiçe Muzeyi və Xatirə Kompleksində Xocalı faciəsinin 15 illiyinə həsr olunmuş, 3 ay davam edən silsilə tədbirlər keçirməsinə səbəb olub. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar