Türkiyə də gördü ki, ermənilərlə danışmaq nəyin bahasına başa gəlir
22 Yanvar 2010 Cümə 14:55
Novruz Məmmədov Türkiyə ilə Ermənistan arasında yaranmış gərginliyə münasibət bildirib
"Soçi görüşü müəyyən mənada irəli addım atmaq üçün bir zəmin yaradacaq." Bunu ANS-ə müsahibəsində Prezident Administrasiyasının beynəlxalq münasibətlər şöbəsinin müdiri Novruz Məmmədov deyib.

Onun sözlərinə görə, son proseslərin fövqündə Ermənistan rəhbərliyi ola bilsin ki, müəyyən mənada sağlam düşüncə ilə hərəkət edər və münaqişənin həlli üçün müəyyən addımlar atılmasına şərait yaradar.

PA rəsmisi qeyd edib ki, prezidentlərin Soçidəki görüşündən münaqişənin həlli ilə bağlı konstruktiv danışıqların aparılmasını və danışıqların müəyyən bir mərhələyə gəlib çıxmasını gözləyir.

"Bunun üçün də Ermənistan tərəfinə güclü iradə lazımdır. Eyni zamanda Rusiya Federasiyasının prezidentinin burada mövqeyinin böyük əhəmiyyəti ola bilər", deyə Prezident Administrasiyasının şöbə müdiri qeyd edib.

Novruz Məmmədov Ermənistan Konstitusiya məhkəməsinin protokollarla bağlı qərarına Türkiyənin sərt reaksiya göstərməsinə də münasibət bildirib:

"İndi türklər də görürlər ki, bu ermənilərlə danışıqlar aparmaq, müəyyən nəticəyə gəlmək nəyin bahasına başa gəlir. Bilirsiniz nə var? Ermənistan tərəfində qəribə bir xislət var. Onlar hətta ən çətin vəziyyətdə olanda belə, özlərini sanki dağın başında oturmuş kimi aparırlar. Guya ki, türklər də gəlib qabaqlarında diz çöküb, bunların şərtlərinə razı olmalıdır. Bu gülünc bir şeydir. Allah kiminsə başına bir şey gətirmək istəyirsə, birinci onun ağlını alır. İndi də sanki Ermənistan rəhbərlərinin ağlını alıb ki, indi onu çətin bir vəziyyətə salır və bundan sonra da salacaqdır". ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar