Ramiz Mehdiyev: Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyıb
22 Yanvar 2010 Cümə 13:55
"Afinada ATƏT XİNŞ-in iclası çərçivəsində imzalanmış sənəddə məhz bu barədə deyilir"
Bu gün Ermənistan özü Qarabağ probleminin Azərbaycanın ərazi bütövlüyü prinsipi əsasında nizamlanmasının vacibliyini qəbul edir. Bu barədə Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev humanitar əməkdaşlıq üzrə birinci Azərbaycan-Rusiya forumunun açılışında bəyan edib.

«Azərbaycanın ərazi bütövlüyü bütün dünya birliyi tərəfindən tanınır. O, əlbəttə ki, bərpa olunmalıdır», - deyə R.Mehdiyev bildirib. O xatırladıb ki, ötən ilin sonunda Afinada ATƏT XİNŞ-in iclası çərçivəsində imzalanmış sənəddə məhz bu barədə deyilir.

«Ermənistan münaqişə vaxtı ərzində birinci dəfə bu sənədə qoşularaq, problemin həllinin məhz Azərbaycanın ərazi bütövlüyü çərçivəsində mümkün olduğunu qəbul edib. Beləliklə, ərazi bütövlüyü və xalqların öz müqəddəratını təyin etmə hüququ prinsiplərinin qarşı-qarşıya qoyulmasının mürəkkəb dövrü başa çatıb», - deyə Prezident Administrasiyasının rəhbəri qeyd edib.

R.Mehdiyev bu münaqişənin Rusiya KİV-də daha obyektiv işıqlandırılmasının vacibliyini vurğulayıb. Onun sözlərinə görə, bu mövzuya müraciət jurnalistlərdən yüksək peşəkarlıq və hazırlıq tələb edir.

R.Mehdiyevin sözlərinə görə, qeyri-obyektiv materiallar hazırlayan jurnalistlər görünür Qriboyedovun ermənilərin İrandan Qafqaza kütləvi şəkildə köçürülməsinə həsr olunmuş əsərlərini unudurlar. O qeyd edib ki, bəzən Rusiya KİV-də “Dağlıq Qarabağın Azərbaycan Stalin tərəfindən hədiyyə edilməsi barədə mənasız bəyanatlar da” görmək mümkündür. O deyib ki, əslində hazırki Ermənistan məhz Azərbaycan torpaqlarının hesabına yaradılıb. O xatırladıb ki, məhz sovet hakimiyyətinin ilk illərində 300 min azərbaycanlının məskunlaşdığı ərazi Ermənistana, 500 min azərbaycanlınını yaşadığı ərazi isə Gürcüstana verilib. O bildirib ki, tarixin qaranlıq səhifələrinə baxmayaraq, bu gün Azərbaycan sabit dövlətdir. Burada bütün milli azlıqlar bərabərhüquqlu vətəndaşlardır.

“Qeyd edim ki, bizdə 20 min erməni yaşayır, halbuki, 1979-cu ildə siyahıya almaya görə Ermənistanda yaşayan 300 min azərbaycanlıdan bir nəfər də bu gün orada yaşamır”,-deyə R.Mehdiyev bildirib.

O qeyd edib ki, forum 20 yanvar hadisələrinin 20-ci ildönümündən 2 gün sonra keçirilir. O zaman SSRİ prezidenti Mixail Qorbaçovun əmri ilə Azərbaycanın paytaxtına sovet qoşunları yeridildi. Qoşunların tərkibinə erməni rezervistləri daxil idi və nəticədə 147 nəfər həlak oldu, bir neçə yüz adam yaralandı.

“Nə üçün Qorbaçov 1988-ci ildə təcavüzkar erməni millətçiləri öz tarixi torpaqlarında yaşayan azərbaycanlıları vəhşicəsinə qətllər və zorakılıq törətməklə Ermənistandan qovanda İrəvana qoşun yeritmədi? Təəssüf ki, bu barədə o zaman müttəfiq KİV də susurdu. Onların bəzisi hətta Dağlıq Qarabağın Azərbaycandan qoparılmasını dəstəkləyirdi”,-deyə R.Mehdiyev vurğulayıb.

Bununla əlaqədar Prezident Administrasiyasının rəhbəri bir daha jurnalistləri, əsasən rusiyalı jurnalistləri bu mövzunun işıqlandırılması zamanı diqqətli olmağa çağırıb.

“Ümidvaram ki, bu forum ölkələrimiz arasında əməkdaşlığın gələcək inkişafına öz töhfəsini verəcək. Belə tədbirin keçirilməsi faktının özü bizim ölkələrin rəhbərlərinin müdrikliyindən və uzaqgörənliyindən xəbər verir”,-deyə R.Mehdiyev vurğulayıb. O qeyd edib ki, Azərbaycan-Rusiya münasibətləri bu gün elə yüksək səviyyədədir ki, iki ölkə “yeni üfüqləri” müəyyən etmək üçün əlavə səylər göstərməlidir.

“Sevindirici haldır ki, forumda Rusiyanın tanınmış şəxsləri iştirak edirlər. Onlar ictimai rəy formalaşdırırlar”,-deyə R.Mehdiyev qeyd edib. O deyib ki, forumda Rusiyanın mədəniyyət naziri, Böyük Teatrın direktoru, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun və digər ali məktəblərin direktorları, aparıcı KİV-lərin rəhbərləri, tanınmış qanunvericilər, elm və mədəniyyət xadimləri iştirak edirlər. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar