Ramil Usubov: “Naxçıvandakı hadisələri mətbuat şişirdir”
10 Yanvar 2010 Bazar 02:20
Ramil Usubov: “Naxçıvandakı hadisələri mətbuat şişirdir. Hər bir hadisənin, vətəndaşların hər bir müraciətinin obyektiv araşdırılması dövlətin marağındadır”
Azərbaycanın daxili işlər naziri, general-polkovnik Ramil Usubovun hüquq müdafiəçiləri ilə görüşü ilə bağlı rəsmi məlumat yayılıb. Daxili İşlər Nazirliyi mətbuat xidmətinin məlumatına görə, görüşdə Hüquq Müdafiə Təşkilatları Monitorinq Qrupunun üzvləri Novella Cəfəroğlu, Səidə Qocamanlı, Səadət Bənənyarlı və Çingiz Qənizadə iştirak ediblər.

Nazir Ramil Usubov Daxili İşlər Nazirliyinin cinayətkarlıqla mübarizə, ictimai asayişin qorunması istiqamətindəki fəaliyyətindən danışaraq ötən illər ərzində yaranmış müsbət meyillərin, səmərəli islahatların, o cümlədən müasir texnologiyaların tətbiqinin uğurla davam etdirildiyini, insan hüquq və azadlıqlarının qorunması üçün, habelə hüquqazidd əməllərə qarşı təxirəsalınmaz tədbirlərin görüldüyünü, vətəndaşların ərizə və şikayətlərinə baxılması işinin nazirliyin rəhbərliyinin daim diqqət mərkəzində saxlanıldığını bildirib. Bu işin Azərbaycan prezidenti İlham Əliyevin rəhbərliyi altında ölkədə uğurla həyata keçirilən hüquq-mühafizə siyasətinin tərkib hissəsi olduğunu deyən general-polkovnik Ramil Usubov, ötən dövrdə qeyri-hökumət təşkilatları ilə səmərəli əməkdaşlığın inkişaf etdirildiyini də diqqətə çatdırıb.

Səmimi qəbula, işgüzar əlaqələrə və əməkdaşlığa görə minnətdarlıq edən hüquq müdafiəçiləri bütövlükdə DİN-nin fəaliyyətindən razılıqlarını bildirib, onları maraqlandıran bir çox məsələlərlə bağlı fikirlərini söyləyiblər. Hüquq müdafiəçiləri, həmçinin Bənəniyar kəndində baş verənləri yerində öyrənmək məqsədi ilə Naxçıvana getmək arzularını da ifadə ediblər.

Nazir Ramil Usubov bu məsələnin bəzi mətbuat orqanlarında həddən artıq şişirdildiyini, dövlət orqanlarına və polisə qarşı birtərəfili və qərəzli təbliğat kampaniyasına çevrildiyini, hər bir hadisənin, vətəndaşların hər bir müraciətinin obyektiv araşdırılmasının dövlətimizin marağında olduğunu vurğulayıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar