Qarabağ və Xəzər: statuslar məngənəsində
16 Sentyabr 2009 Çərşənbə 23:15
Rusiya Qarabağın həll olunmasına heç vaxt razılıq verməyəcək
Rusiya Qarabağın heç vaxt, istər Ermənistanın, istərsə də Azərbaycanın xeyrinə, həll olunmasına razılıq verməz və verməyəcək. Qafqazda hakimliyini daha da gücləndirənədək, rəsmi Moskva üçün bu problemin mövcud olması və uzadılması daha vacibdir. Bu azmış kimi Rusiya Azərbaycanda Qarabağ probleminin davamı olaraq ikinci yeni münaqişə obyektini Xəzərdə yaratmaq istəyir. Və Türkmənistanla İranın timsalında buna nail olmaqdadır. İranı hələlik Xəzəryanı dövlət başçılarının qeyri-rəsmi sammitindən kənarda saxlasalar da, Rusiyanın öz istədiyini tam ala bilmədiyini demək olmaz. Buradan daha aydın göründü ki, Rusiya öz təsir və təzyiq dairəsini genişləndirməkdə israrlıdır. Türkmənistanın Azərbaycanla yenə də anlaşa bilməməsinə Rusiyanin sammitdə müəyyən mənada şansının artması kimi baxmaq lazımdır.

Medvedevin Türkmənistana rəsmi səfərinin nəticəsiz qalmasının səbəbi isə Berdimuhəmmədovun Yuşşenko ilə görüşünün yekunundan sonra bəlli olacaq. Belə ki, Türkmənistanın “Nabucco” ya da ki “Mavi axın”a transfer məsələsinə bu görüşdən sonra müəyyən mənada aydınlıq gələcək. Hər halda qeyd olunan layihələrin işlənməsinədək Türkmənistan öz qazını Rusiyaya hansı qiymətə olursa olsun satmağa məhkumdur. Ola bilsin ki, rəsmi Aşqabad hələlik Qazaxıstanın siyasətinə uyğun siyasət aparmağa üstünlük versin. Lakin Rusiyaya Xəzərdə problemin dərinləşməsi, ən azı Qafqazdakı problem qədər lazımdır. Çünki bu problemlər Rusiyanın manevr etməsinə imkan yaradır. Necə ki artıq üçüncü problemin - Ermənistan - Gürcüstan probleminin yaradılmasının toxumları artıq əkilib. Qafqazda bu cür problemlərin artması Rusiyaya hava su kimi lazımdır ki, Çeçenistanla məşğul olsun.

Bizim siyasətə gəldikdəsə burada hələ ki, durğunluq hökm sürür. Sanki problemi kimsə bizim əvəzimizə həll edəcək. Verilən şərhlər isə vaxt öldürməyə hesablanıb. Azərbaycan öz təsir vasitələrindən demək olar ki, istifadə etmək istəmir, yaxud da bundan ehtiyat edir. Sanki Ermənistanın indiki hakimiyyətindən nə isə gözləyir.

Ermənistanda isə alternativ qurumlar aktivləşdirilib və hazırlıq vəziyyətinə gətirlir. Bu da növbəti dövlət çevrilişinin baş verməməsi kimi başa düşülə bilməz. Nəticədə hər şeyin sıfırdan başlanması ehtimalı daha böyükdür. Balanslaşdırılmış siyasətin ağır nəticlərini aradan qaldırmaq isə bizə daha baha başa gələ bilər. Rusiyanı ümumiyyətlə biz nəinki siyasətimizdən, iqtisadiyyatımızdan hətta həyatımızdan tamamilə çıxarmalı, bütün layihələrdən maksimum səviyyədə kənarda tutmalıyıq. İndiyədək etdiyimiz güzəştlər, qarşılıqlı xoş münasibətlər əks səmərə verməklə bərabər həmçinin daha da dərinləşir. Ən azından əvvəlki illərin təcrübəsi göstərir ki, Azərbaycan öz gücündən yararlanarsa, bu halda onun qalib gəlmək ehtimalı daha çoxdur. Rusiyaya tərəf cüzi addım belə Azərbaycanı ən böyük addımlarla geri salır. Nə qədər siyasətimizdə sərtlik olarsa, qonşu dşvlətlər də bir o qədər problemlərimizə ciddi yanşar. Bizdə olan imkanların bir faizi Ermənistanda olsa idi, Qarabağı çoxdan Azərbaycandan almışdılar. Biz isə “lazım olan” anı gözləyirik. Gözlədikcə də Azərbaycanın ərazi bütövlüyünə şübhə edənlərin sayı azalır, bitərəflərin sayı isə çoxalır. Bu isə gələcəkdə əleyhdarlarımızın sayının artması demək olacaq. İndi 5-7 rayon üzərində monipulyasiya etmək qarşı tərəfin vaxt udması və Qarabağın Azərbaycanın olmasına dünyada şübhə yaratmaqdan ibarətdir. Bununla demək istəyir ki, Azərbaycan Qarabağı 5-7 rayona qurban verməyə hazırdır və bununla da Qarabağın Ermənisatana aid olmasını qəbul edir.

Eyni ilə əsrin əvvəlindəki vəziyyətin təkrar olunmasına gəlib çıxırıq. Bu səbəbdən vasitəçilikdən Rusiya və İranı imkan daxilində uzaq tutmağa çalışmaq lazımdır. O zaman biz nailiyyətlər əldə edə bilərik. Yoxsa Rusiyanın təzyiqlərinə qarşılıqlı olaraq neft, qaz və digər enerji layihələrində iştirakını təmin etməklə biz buna nail ola bilməyəcəyik. Prinsipial siyasətimizi gücləndirməliyik. Ukrayna və Gürcüstana güclü dəstək verilməlidir. ABŞ Əfqanıstan və İraqda stabillik yarada bilməyəcəyi kimi, Rusiyanın da Çeçenistanda stabillik yaratması heç üfüqdə də görünmür. Deyəsən birinci çeçen - rus müharibəsi yenidən qayıdır. Fikirləşmək istəmirəm ki, o zamankı əlverişli vəziyyəti Azərbaycan hakimiyyəti indi yenə də əlindən vermiş olsun.

Rəvan Rəşidoğlu


DOSTLARINLA PAYLAŞ:

oyunlar