Qafqaz Rusiyanın əlindən gedir
20 Yanvar 2010 Çərşənbə 19:40
Moskva Qafqaz bölgəsini birdəfəlik itirmək qorxusundan pilot-layihə reallaşdırmaq qərarına gəlib
Kremlin artıq Şimali Qafqaza nəzarət etməkdə çətinlik çəkməsi sirr deyil. Dağıstanda cərəyan edən proseslər açıq-aydın göstərir ki, Moskva regionu nəzarətdə saxlaya bilmir. Vəziyyətdən çıxış yolu axtaran Rusiya iqtidarı əvvəlki təsir rıçaqlarının fayda vermədiyini gördüyü üçün yeni üsula əl atmaq qərarına gəlib. Söhbət Rusiyanın cənubunda yeni federal dairənin yaradılması ideyasından gedir.

Bəlli olduğu kimi, bu ideya prezident Dmitri Medvedevə məxsusdur. Daha doğrusu, həmin ideyanı məhz o səsləndirib. Dağıstandakı vəziyyətin nəzarətdən çıxdığı bir vaxtda yeni federal dairənin yaradılması haqda qərar əslində Moskvanın Şimali Qafqaz və ətraf bölgələrdə administrativ nəzarəti sərtləşdirmək cəhdi kimi nəzərdən keçirilməlidir.

İş ondadır ki, Rusiya Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanıdıqdan sonra Şimali Qafqaz respublikalarında, xüsusən də Dağıstanda müstəqillik meylləri xeyli artıb. Kremlin bu addımını heç cür həzm edə bilməyən yerli iqtisadi klanlar özlərinə qarşı da eyni münasibəti tələb edir. Bu səbəbdən də respublikada vəziyyət idarəolunmaz hala gəlib. Şübhəsiz ki, Moskvada bunu çox gözlə anlayırlar, lakin təsirli mexanizm işləyib hazırlaya bilmirlər. Medvedevin yeni qərarını isə sadəcə bir pilot-layihə kimi dəyərləndirmək lazımdır.

Məlumat üçün bildirək ki, yeni federal dairənin tərkibinə 7 bölgə daxildir. Bunlar Şimali Osetiya, Çeçenistan, Dağıstan, İnquşetiya, Kabardin-Balkar, Stavropol vilayəti və Qaraçay-Çərkəz respublikasıdır. Yeni federal dairənin silahlı qüvvələri və yeni strukturları: hüquq-mühafizə orqanları, kəşfiyyat və s. olacaq. Bu isə o deməkdir ki, bundan sonra bölgəyə nəzarət Kremlin ayrı-ayrı respublika rəhbərləri vasitəsi ilə deyil, vahid mərkəzdən həyata keçiriləcək.

Medvedevin yeni qərarı həmçinin onu göstərir ki, yeni federal dairənin əhatəsinə Abxaziya və Cənubi Osetiya da salınacaq. Daha bundan sonra Sergey Baqapşla Eduard Kokoytının Moskvaya səfər etmələrinə ehtiyac qalmayacaq. Onlara göstərişləri Rusiyanın sayca səkkizinci federal dairəsinin rəhbəri verəcək. Bu şəxs Rusiya prezidentinin səlahiyyətli nümayəndəsi və Rusiyanın baş nazirinin müavini Aleksadr Xloponindir. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar