Polşa prezidenti Azərbaycanla daha sıx əlaqələr qurmağa çağırır
22 Yanvar 2010 Cümə 11:30
Polşa prezidenti: “Orta Asiya və Cənubi Qafqaz Avropanın gələcəyi üçün həlledici rola malikdir"
“Həmin bölgə (Orta Asiya və Cənubi Qafqaz) Avropanın gələcəyi üçün həlledici rola malikdir. Mən hər şeydən əvvəl və daha çox Azərbaycan, Türkmənistan və Qazaxıstan haqqında danışıram. Hərçənd bunların arasında bizimlə müzakirələr aparmağa ən çox meyli olan ölkə Azərbaycandır”.

Polşa prezidenti Lex Kaçinski bu sözləri Çexiyaya səfərinin ilk günündə bildirib. Mətbuat konfransında Azadlıq radiosunun əməkdaşının sualını cavablandıran Kaçinski bildirib ki, Avropa Birliyi sözügedən ölkələrə münasibətdə daha açıq olmalıdır.

“Həmin ölkələr, xüsusən də sonuncu adını çəkdiyim ölkə zəngin neft və qaz ehtiyatlarına malikdir. Fundamental məsələ odur ki, Avropa Birliyi həmin ölkələrlə əməkdaşlığı sıxlaşdıracaq, yoxsa başqa yolu seçəcək və bununla da özünün enerji asılılığını daha da artırmış olacaq”.

Avropa Birliyi Rusiyadan enerji asılılığını azaltmağa çalışsa da, Xəzər qazını Azərbaycan və Türkiyə vasitəsilə Avropaya daşıyacaq NABUCCO kəməri layihəsinin gələcəyi qaranlıq olaraq qalır. Avropanın enerji asılılığının yaxın 20 ildə 60 faiz həddinə qədər artması gözlənilir.

Sözügedən ölkələrdə insan haqları ilə bağlı vəziyyətin Avropa standartlarına uyğun gəlməməsinə gəlincə, Kaçinski deyib.

“Əlbəttə problemlər var. Həmin ölkələrdəki demokratiya modeli bizim standartlara uyğun deyil. Bu sahədə çox iş görülməlidir, amma yaxşı əlaqələr asanlıqla qurula bilər”.

Polşa prezidenti mətbuat konfransında Gürcüstanın NATO-ya qoşulmasını dəstəklədiyini də bir daha dilə gətirib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar