Okeanın o tayında Qarabağ müzakirələri
05 Dekabr 2009 Şənbə 01:00
Türkiyə Dağlıq Qarabağ münaqişəsinin həllində faktiki vasitəçiyə çevrilir
Rəcəb Tayyip Ərdoğan Türkiyənin prinsipial mövqeyini bir daha təkrarladı: Ermənistanla münasibətlər Dağlıq Qarabağ münaqişəsinin həllindən asılıdır. Türkiyənin baş naziri ANS-ə müsahibəsində rəsmi Ankaranın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyini ortaya qoyub. Bu mövqe rəsmi İrəvanın oktyabrın 10-da imzalanmış protokollar ətrafında spekulyasiyalarına tutarlı cavab da sayıla bilər.

Məsələnin başqa bir tərəfi də var. Türkiyə faktiki olaraq Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesinin iştirakçısına çevrilir. Rəsmi Ankaranın bu proseslə hüquqi bağlılığı olmasa da, Rusiya və Ermənistanın inadı nəticəsində Türkiyə vasitəçilik missiyasına daxil edilməsə də, artıq de-fakto prosesin mərkəzindədir. Bunda təbii ki, ABŞ-ın da rolu az deyil. Birləşmiş Ştatlar Türkiyəni regionda hegemon dövlət kimi görmək istəyir. Çünki Rusiyanın bölgədə liderliyi tam ələ alması yeni münaqişələr, yeni qarşıdurma və yeni intriqalar deməkdir. İran barəsində isə heç danışmağa dəyməz. Bu baxımdan, Birləmiş Ştatların Türkiyəni seçməsi təbiidir.

Rəcəb Tayyip Ərdoğanın ABŞ-a səfəri bu prosesi daha da sürətləndirə və rəsmi Ankara Ağ Evdən yeni xeyir-dua da ala bilər. Türkiyənin baş naziri açıq şəkildə bəyan edib ki, rəsmi İrəvan Dağlıq Qarabağ münaqişəsinin həlli, Azərbaycan ərazilərinin işğaldan azad edilməsi istiqamətində konstruktiv addım atmasa, Türkiyə ilə münasibətlərin normallaşdırılması bir xəyal olaraq qalacaq. Serj Sarkisyan rejimini sevindirən protokolların imzalanması uzun müddətdən bəri sərin olan münasibətlərin normallaşdırılması kimi çətin bir prosesin astanasıdır. Heç həmin protokolların iki ölkə parlamentində məcburi ratifikasiyası da Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılması hesab oluna bilməz. Çünki əzəli düşmənlərin dosta çevrilməsi prosesi təbii yolla inkişaf etməlidir. Təbii inkişaf yolunu heç bir sənəd əvəz edə bilməz.
Rəcəb Tayyip Ərdoğanın bəyanatından bu nəticəni çıxarmaq mümkündür ki, “erməni açılımı” açılmadan qapanıb. Çünki Serj Sarkisyan rejimindən Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində konstruktiv addım gözləməyə dəyməz. Bu addımın atılması rejimin sonunu gətirə bilər. Amma konstruktiv addımın atılmaması, Ermənistanın yeganə xilası olan Türkiyə ilə sərhədlərin açılmaması da Serj Sarkisyan rejiminin sonunu yaxınlaşdıra biləcək səbəbdir. Bu baxımdan, rəsmi İrəvan çıxılmaz vəziyyətdədir. Elə ona görə də xarici işlər nazirlərinin son Afina görüşündə münaqişənin ərazi bütövlüyü prinsipi əsasında həlli ilə bağlı razılığın əldə olunması barədə məlumatlar təsadüfi sayıla bilməz. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar