İrana vizasız gediş-gəliş fevralın 1-dən reallaşacaq
04 Yanvar 2010 Bazar Ertəsi 17:15
İrana vizasız gediş-gəliş fevralın 1-dən reallaşacaq. Viza rejimi ləğv olunsa da, İrana keçmək istəyənlər Hepatit və QİÇŞ-dən qan analizi verməli olacaqlar.
Azərbaycan vətəndaşları üçün viza rejiminin birtərəfli qaydada ləğv edilməsi haqda İran hökumətinin çıxardığı qərarın icrasına fevralın 1-dən başlanacaq. Bu barədə ANS-ə İranın Azərbaycandakı səfirliyinin mətbuat katibi Abbas İskəndəri bildirib. İranın viza rejimi ilə bağlı tətbiq etdiyi yeni qaydaya əsasən, Azərbaycan vətəndaşları İran ərazisində 15 gün müddətində vizasız qalacaqlar. Qonşu ölkədə daha çox qalmaq istəyən vətəndaşlarımız isə bu müddəti 3 ayadək uzada bilərlər və bunun üçün onlar İslam Respublikasında müvafiq qurumlara müraciət etməlidirlər. Viza rejimi ləğv olunsa da, İrana keçmək istəyənlər Hepatit və QİÇŞ-dən qan analizi verməli olacaqlar.

Xatırladaq ki, viza rejiminin ləğvi ilə bağlı İran tərəfinin ilkin məlumatlarında, Azərbaycan vətəndaşlarının İran ərazisində vizasız 1 ay müddətində qala biləcəkləri qeyd edilmişdi, lakin sonradan İran höküməti bunu 15 günədək azaldıb.

Azərbaycanın xarici işlər nazirinin mətbuat katibi Elxan Poluxovun ANS-ə verdiyi məlumata görə, indiyədək rəsmi Bakı bu məsələ ilə əlaqədar İran hökumətindən nota almayıb. Onun sözlərinə görə, İrandan Azərbaycana rəsmi təklif daxil olarsa, rəsmi Bakı bu ölkənin vətəndaşlarının da Azərbaycana sərbəst gediş-gəlişinin təmin edilməsi məsələsini nəzərdən keçirməyə hazırdır. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar