Axı Ərdoğan söz vermişdi...
07 Sentyabr 2009 Bazar Ertəsi 11:45
Fəzail Ağamalı Türkiyə xəyanət edərsə, buna ancaq təəssüf edə biləcəyini deyir
«Türkiyə-Ermənistan yaxınlaşması və sərhədlərin açılması barədə xəbər mənə çox pis təsir etdi. Buna görə də Türkiyədəki dostlarımla telefonla əlaqə saxlayıb, bu məsələyə aydınlıq gətirəcəyəm». Bu fikirləri ANS PRESS-ə Ana Vətən Partiyasının (AVP) sədri, millət vəkili Fəzail Ağamalı bildirib.

Onun sözlərinə görə, Türkiyənin baş naziri Rəcəb Tayib Ərdoğan Bakıya səfər edərkən, Azərbaycan prezidentinin, Milli Məclis və xalqın qarşısında çıxış edərkən söz verdi ki, Dağlıq Qarabağ problemi həll olunmayana və Azərbaycanın ərazi bütövlüyü tanınmayana qədər Türkiyə ilə Ermənistan arasında heç bir iqtisadi əlaqələr yaradılmayacaq, Türkiyə-Ermənistan sərhədləri qətiyyən açılmayacaq: «Əgər bu baş verərsə, mən qardaş Türkiyənin xəyanətinə ancaq təəssüf edə bilərəm».

Millət vəkilinin sözlərinə görə, bu gün Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası olduqca böyük təzyiqlər altındadır: «Bu səbəbdən də AKP düşdüyü vəziyyətdən çıxmaq üçün siyasi manevrlər etməyə çalışır. Türkiyə Avropa Birliyinə üzv olmaq niyyətindədir. Dünənindən daha fərqli siyasət ortaya qoymağa çalışır. Türkiyə türkçülükdən çox qloballaşmağa üstünlük verir. Görünür, bu səbəbdən də Türkiyənin siyasətində yeni çalarlar hiss olunmaqdadır. Məncə, Ermənistanla sərhədlərin açılması məsələsi də bu qloballaşmanın və yeni siyasət çalarlarının bir sistemidir».
Amma F.Ağamalı düşünür ki, bütün bunların qarşısını almaq və qardaş Türkiyə ilə bizə düşmən olan Ermənistanla sərhədlərin açılmamasına nail olmaq üçün AVP də bir töfhə verə bilər: «Əgər lazım olarsa və zəruri ehtiyac yaranarsa, biz Türkiyəyə səfər edib, orada Türkiyənin aparacı partiyaları olan Cümhuriyyət Xalq, Milliyətçi Hərəkat partiyalarının rəsmildəri ilə görüşlər apara bilərik. Çalışacağıq ki, AKP rəsmiləri ilə də görüşlər keçirək və onlardan bu məsələdə hansı addımların atacağı ilə dəqiq və düzgün məlumatlar əldə edək».


DOSTLARINLA PAYLAŞ:

oyunlar