Abdulla Gül Naxçıvana gəlib
02 Oktyabr 2009 Cümə 17:15
Abdulla Gül Naxçıvana gəlib. Türkiyə prezidentini Vasif Talıbov qarşılayıb.
Türkiyə prezidenti Abdulla Gül Türkdilli ölkə başçılarının sammitində iştirak etmək üçün bu gün Naxçıvana gəlib. Burda onu Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Vasif Talıbov qarşılayıb.
A. Gül ilk olaraq sammitin keçiriləcəyi Duzdağ Otelində Qırğızıstan prezidenti Kurmanbek Bakiyev və Qazaxıstan prezidenti Nursultan Nazarbeylə təkbətək görüşəcək. Daha sonra sammitdə iştirak edən dövlət başçıları ilə birgə konsertə qatılacaq.
Abdullah Gül, axşam saatlarında prezident İlham Əliyev tərəfindən sammitdə iştirak edən dövlət başçılarının şərəfinə veriləcək ziyafətə qatılacaq.
Türkiyə və Azərbaycan prezidentləri sabah səhər saatlarında təkbətək görüşəcəklər. Görüşə hər iki ölkənin xarici işlər nazirlərinin də qatılacağı gözlənilir. Daha sonra dövlət başçılarının iştirakı ilə sammit keçiriləcək.

Türkiyə prezidenti sabah həmçinin Türk-Azəri Bank şöbəsinin açılış mərasimində iştirak edəcək və Naxçıvan Türk Liseyini ziyarət edəcək.

Qeyd edək ki, bu gün və sabah Naxçıvanda Türkdilli ölkələrin dövlət başçılarının sammiti keçiriləcək. Toplantıda prezident İlham Əliyev, onun türkiyəli həmkarı Abdullah Gül, Qazaxıstan prezidenti Nursultan Nazarbayev və Qırğızıstan prezidenti Kurmanbek Bakıyev iştirak edəcək. Artıq Qazaxıstan prezidenti Bakıya gəlib. CNN Türk telekanalının yaydığı məlumata görə, Türkmənistanı tədbirdə bu ölkənin prezidentinin köməkçisi Xıdır Saparliyevin təmsil edəcəyi gözlənilir.

Sammitdə türkdilli dövlətlər arasında dostluq və əməkdaşlığın gücləndirilməsi, eləcə də digər ikitərəfli, regional və beynəlxalq məsələlər müzakirə olunacaq. Tədbirin yekununda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılması barədə müqavilə imzalanacağı gözlənilir.

Qeyd edək ki, sammitlə əlaqədar Muxtar Respublikada avtomobillərin hərəkəti məhdudlaşdırılıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar