Ali məktəblərə qəbul üçün keçid balı açıqlanıb
13 İyul 2012 Cümə 11:56
Müsabiqədə I, II və IV ixtisas qruplarında ümumi balı 250-dən az olmayan abituriyentlər iştirak edə bilərlər.
Azərbaycanda 2012-2013-cü tədris ili üçün ali məktəblərə sənəd verən abituriyentlər üçün ixtisas seçiminin vaxtı müəyyənləşib. ANS PRESS-in məlumatına görə, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədr müavini Namiq Babayev bu gün keçirdiyi mətbuat konfransında bildirib ki, ixtisas seçimi abituriyentlərin qəbul imtahanlarında topladıqları ballar elan olunduqdan sonra bütün ixtisas qrupları üzrə avqustun 7-dən 16-dək internet vasitəsilə aparılacaq.

Müsabiqəyə I, II və IV ixtisas qruplarında ümumi balı 250-dən, hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilərlər. III ixtisas qrupunda ümumi balı 300-dən, hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər buraxılacaq. Ümumi balı 350 və daha çox olan abituriyentlərin ixtisas seçiminə buraxılmaları üçün onların fənlər üzrə cavablarına nisbi bal məhdudiyyəti tətbiq olunmayacaq.

Dövlət sifarişi ilə qəbul aparılan yerləri seçmək üçün qoyulan tələblər qəbul imtahanlarının nəticələri elan olunduqdan sonra müəyyən ediləcək. İxtisas seçmək hüququ olan abituriyent ali təhsil müəssisələrinin eyni ixtisas qrupuna aid olan 15-dək ixtisas kodunu qeyd edə biləcək.


DOSTLARINLA PAYLAŞ:

oyunlar