Zöhrə Abdullayeva indiki duetlərdən narazıdır
21 Noyabr 2009 Şənbə 00:00
Zöhrə Abdullayeva: "Səviyyəsiz duetlər məni çox narahat edir..."
Müğənni Zöhrə Abdullayeva mövcud duetlərin vəziyyətindən narazıdır. ANS PRESS-ə açıqlama verən müğənni bildirib ki, ən yaxşı duetləri Məmmədbağır Bağırovla ifa edib.
“Məmmədbağırla bizim 12 silsilə duetimiz olub. Sözlərini və musiqisini Məmmədbağır özü yazırdı. Bizim oxuduğumuz mahnılar həm yaddaqalan, həm də zəhmət tələb edən mahnılar idi. İndiki duetlər istiqamətini tamam dəyişib. Yazılan mahnılar milli "lad"da yox, əcnəbi, ispan "lad"ındadır", - deyə o vurğulayıb.
Z.Abdullayeva hesab edir ki, müğənni gərək özü samballı və peşəkar olsun. "Məmmədbağırla mənim duetim çətin ki, bir də dünyaya gəlsin. Məmmədbağır musiqi aləmi üçün bir vergi idi. Bu cür ifaçılar 1000 ildə bir dəfə gəlir. Mən müasirliyin əleyhinə deyiləm. Amma səviyyəsiz duetlər məni bir ifaçı kimi çox narahat edir. Məsələn, Aygün Kazımova ilə Namiq Qaraçuxurlu duet oxuyur. Amma qoy məndən inciməsinlər, onların dueti çətin ki, tarixdə qalsın. Cavanlar gözlərini açıb duetdə “o məni, mən onu” kimi kəlmələr eşidir. Namiq öz ürək sözlərini meyxana formasında deyir. Aygün də ki… Nə deyim Vallah, yüngül musiqidir də”, - deyə müğənni fikrini tamamlayıb. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: