Yaxşı Cazibə serialının son bölümü iyunda Bakıda çəkiləcək
13 Aprel 2011 Çərşənbə 13:04
Aslıhan Gürbüz: “Azərbaycan dilində danışığımla bağlı qüsurlarım varsa, üzürlü hesab edin”
Bakı. Ülkər Qasımova-APA. Türkiyənin ATV kanalında yayımlanan “Yaxşı Cazibə” serialının bu mövsüm son bölümü Bakıda çəkiləcək. APA-nın məlumatına görə, bu məlumatı serialda Cazibəni obrazını canlandıran Aslıhan Gürbüz deyib. Aktrisa qeyd edib ki, serialın yaradıcı heyətinin Bakıya səfəri iyun ayına təsadüf edəcək: “İnşallah bu yaxınlarda Bakıya gələcəyik. Serialın bu mövsüm üçün son bölümü üçün nəzərdə tutulan bəzi səhnələr Bakıda çəkiləcək. Canlandırdığım obrazın Azərbaycan qızlarına nə dərəcədə bənzəyib-bənzəmədiyini bilmək istəyirəm. Təbii ki, azərbaycanlılarla canlı ünsiyyətdə olub, onların da rolumla bağlı fikirlərini öyrənmək niyyətindəyəm”.
25 yaşlı azərbaycanlı qızı canlandıran və Cazibə kimi çoxsaylı tamaşaçıların rəğbətini qazanan Aslıhan Gürbüz səfər müddətində Azərbaycan mətbəxi ilə yaxından tanış olacağını da diqqətə çatdırıb: “Ən əsası ləziz Azərbaycan xörəklərinin, xüsusən də düşbərənin dadına baxmaq arzusundayam. Məni bəyənib dəyərləndirən azərbaycanlı tamaşaçılara təşəkkür edirəm. Sevənlərim məni dəstəkləməyə davam etsin. Qüsurlarım varsa, üzrlü hesab edin. Tezliklə Bakıda görüşəcəyik”.
Onu da bildirək ki, “Yaxşı Cazibə” serialının Azərbaycan dili üzrə məsləhətçisi Türkiyədə yaşayan aktrisa və İstanbul Şəhər Bələdiyyə Teatrının quruluşçu rejissoru Məlahət Abbasovadır.
DOSTLARINLA PAYLAŞ: