““Yaxşı Cazibə” serialında oynamaqdan imtina etdim”
26 Avqust 2011 Cümə 10:38
“Mədəniyyət və Turizm Nazirliyində olarkən hətta nazirlikdəki əməkdaşlar belə mənim fəxri adımın olmamasına təəccübləndilər...“Azərbaycanda hər şey inkişaf edir, dəyişir, ancaq aktyor oyununda heç bir irəliləyiş yoxdur”


Bakı. Ülkər Qasımova-APA. İstanbulda yaşayan azərbaycanlı aktrisa Məlahət Abbasovanın APA-ya müsahibəsi
- Sizləri İstanbulda görmək çox gözəldir. Burada soydaşlarımı, dostlarımı görəndə sevincimin həddi-hüdudu olmur. Hər şey yaxşıdır, çox gərgin işləyirəm. Azərbaycan və Türkiyə mədəniyyət nazirlikləri arasında ortaq filmin çəkilişi barədə razılıq əldə olunub, bununla əlaqədar tez-tez Bakıya gedib-gəlirəm. “TRT Avaz”dakı verilişim üçün çəkilişlər aparıram.

- Türkiyədə Azərbaycan mədəniyyəti üçün çoxsaylı işlər görürsünüz. İki qardaş ölkənin mədəniyyətlərinin daha da sıx əməkdaşlığında körpü rolunu oynayırsınız. Maraqlıdır, bu yöndə illərdir işlər görən Məlahət Abbasova, Azərbaycandan qarşılıq olaraq nə isə görürmü?

- Azərbaycan xalqı məni çox sevir. Hər Bakıya gəlişimdə bu sevgini görürəm. Dövlət olaraq qarşılıqdan danışmaq istəməzdim. Düşünürəm ki, Vətən üçün hər şey təmənnasız olmalıdır. Gördüyüm heç bir işin qarşılığını ummamışam. İllərdir Türkiyədə yaşayıram və bu illər ərzində hər addımım Azərbaycanla bağlı olub. Ağlıma bir şey qoydumsa, onu etməliyəm, özüm pul xərcləməli olsam belə... Türkiyədə çoxsaylı Azərbaycan rolları oynamışam, “Yaxşı Cazibə” filmində danışmanam, Azərbaycan dramaturqlarının, eləcə də Elçin müəllimin üç əsərini türk dilinə çevirmişəm. Bu əsərlər teatrımızda da səhnələşdirilir. Hazırda Hüseyn Cavidin “İblis”, “Kitabi-Dədə Qorqud” əsərləri üzərində çox ciddi şəkildə çalışıram. Türkiyə öz miqyasında mənim bu işlərimi qiymətləndirir. Bu uğurlarımla bağlı Türkiyədə mükafatlara layiq görülmüşəm. Ötən il IX Beynəlxalq “İpək yolu - Qızıl adamlar” Türk dünyası mədəniyyət və sənət mükafatına layiq görüldüm və bu mükafata layiq görülən tək qadın mən idim.

- Sizinlə eyni vaxtda sənətə gələn, eyni nəslin aktyorlarının çoxu artıq “əməkdar” və “xalq artisti” fəxri adlarına layiq görülüblər. Bəs bu günə kimi Sizə fəxri adın verilməməsinin səbəbi nə olub? Sizcə bu halı Türkiyədə fəaliyyət göstərmənizlə əlaqələndirmək doğrudurmu?

- Sözün doğrusu, fəxri ad haqqında heç zaman düşünməmişəm. Bu hal ötən ilə qədər davam edirdi, amma ötən il Mədəniyyət və Turizm Nazirliyində olarkən hətta nazirlikdəki əməkdaşlar mənim fəxri adımın olması ilə maraqlandılar və olmamasından təəccübləndilər: “Niyə yoxdur və bu qədər işlər görürsünüz”. Türkiyə, Azərbaycan üçün gördüyüm işləri qiymətləndirirsə, niyə də Azərbaycan öz sənət adamını qiymətləndirməsin? İllərdir dayanmadan çalışıram və bu çalışmalarımı daha da yüksək səviyyədə davam etdirəcəyəm. Rol aldığım “Min bir gecə” serialı bu gün bütün Balkan və Orta Asiya, eləcə də ərəb ölkələrində, Yunanıstanda nümayiş olunur və o serialda Azərbaycanın təbliğatı var. Həmin filmdə Mehriban öz xarakteri ilə Qarabağ problemini də qaldırır, mən şəhidin həyat yoldaşını canlandırdım. Yəqin ki, gələcəkdə dövlətimiz bunları qiymətləndirər. Bu sözlərimlə heç kimin qəlbini qırmaq istəmirəm, bu xalqın sevgisini duyuram və bilirəm.

- Bir müddət əvvəl Sizin Türk dünyasının böyük insanı Atatürk haqqında çəkilən filmdə onun bacısı Makbulə obrazını yaradacağınız barədə xəbər yayımladıq. Atatürkün bacısını filmdə canlandırmaq necə bir hiss idi?

- Bu filmdə mənim və digər aktyorların bir şanssızlığı oldu. Bəzi şeylər var ki, onları pul qarşılığı olmadan belə etmək gözəl bir şeydir. Bu da onlardan biri idi. Mən bu rola təsdiqlənəndə və mənə zəng açıb bildirəndə ki, mənim üzüm Atatürkün bacısının üzünə çox bənzəyir, elə bil dünyanı mənə verdilər. Bu hissi sözlə ifadə etmək belə çox çətindir. O gecə həyəcandan yata bilmədim. Həmin filmdə Atatürkün bacısının üç yaş dövrü var idi və mən gənclik dövrünü canlandırırdım. Türkiyədə ilk dəfə olaraq Atatürklə bağlı bir sənədli film çəkilirdi. Hollivuddan, İtaliyadan qrim ustaları gəlmişdilər. Həmin film çox uzun alındı və filmin montajı zamanı həmin hissələr də montaj olundu, mənim də rolumun çox hissəsi montajda getdi. Hazırda isə filmin rejissoru bütün hissələri DVD-yə köçürmək niyyətindədir. Oraya mənim də oynadığım bütün hissələr daxil ediləcək. Əslində mənim üçün o filmdə nə qədər görünməyimin belə fərqi yox idi. Adicə saçımın ucu belə görsənsəydi, mənə bəs idi. Axı adım bununla artıq tarixə yazıldı.

- “Min bir gecə” serialından sonra biz Sizi Türkiyənin digər serialında də görəcəyimizi zənn edirdik. Məsələn, elə azərbaycanlı qızın həyatından bəhs edən “Yaxşı Cazibə”də oynamaq təklif olunmuşdumu?

- Bəli, həmin seriala dəvət olunmuşdum. Hətta daha təfərrüatı ilə deyim ki, hələ dizi başlamamışdan əvvəl şirkətlə artıq razılıq müqaviləsi imzalamışdım. Üç gündən sonra mənim oynayacağım rolun ssenarisi əlimə gəldi və oxuduqdan sonra gördüm ki, təklif olunan rolla fırıldaqçı azərbaycanlı qadını canlandırmalıyam. Serialda Cazibəyə fırıldağı öyrədən azərbaycanlı qadın rolunu mən oynamalı idim. Bundan sonra qərar verdim ki, Məlahət Abbasova olaraq bu rolu canlandıra bilmərəm. Mən artıq Türkiyənin gözündə Mehriban olaraq tanınırdım və 20 il müddətində dişimlə-dırnağımla gəldiyim bu yeri bir anda itirə bilməzdim. Artıq mənim imicim var və bu imici itirmək olmaz. Halbuki bu imtina mənim üçün çox böyük pul itkisi idi, ancaq heç nəyə baxmayaraq azərbaycanlı qadını fırıldaqçı kimi göstərə bilməzdim və buna razı olmazdım. Hətta bununla bağlı yaxınlarımla, dostlarımla danışıqlarımız oldu, çoxları mənə rola çəkilməyi məsləhət gördü, ancaq mən imtina etdim. Baxmayaraq ki, bu gün çox sevilən və baxımlı bir serialdır, lakin mən azərbaycanlı aktrisa olaraq bunu edə bilməzdim və atdığım addımı düzgün hesab edirəm. Söylədiyim kimi müqavilə imzaladıqdan sonra imtina qeyri-mümkün idi, lakin şirkətlə görüşdüm və məsələni onlara aydınlaşdırdıqdan sonra şirkət də bu məsələyə ciddi yanaşdı və ssenarini dəyişildi. Həmin obraz çox qısa bir formada türk aktrisa tərəfindən oynanıldı.

- “Yaxşı Cazibə” serialında Siz eyni zamanda baş məsləhətçisiniz. Yəqin eşitməmiş olmazsınız ki, baş rolun ifaçısı Aslihan Gürbüzün Azərbaycan dilində danışığı bizim ölkədə bəzi tamaşaçılar tərəfindən mənfi qəbul olunur və dilimizdəki sözlərin düzgün deyilməməsi bu seriala qarşı narazılıqlar yaradıb...

- Bəli, bu filmin baş məsləhətçisiyəm. Bir türk qızının qısa müddətdə təmiz Azərbaycan dilində danışması nə dərəcə real bir şeydir? Düşünürəm ki, xalqımız bu duruma anlayışla yanaşmalıdır. Nəzərə alaq ki, Türkiyənin İğdır, Ərzurum bölgəsində bu ləhcədə danışırlar. Düşünürəm ki, dilimiz Türkiyədə yetəri qədər tanınır, biz dilimizi digər ölkələrdə tanıtmaq yolunda təbliğ etməliyik. İkincisi isə tutaq ki, Akademik Milli Dram Teatrında bir yapon rolu olsa, gedib Yaponiyadan aktyor gətirəcəklər? Hər halda bizim aktyor oynayacaq və onun yapon dilində səlis danışması mümkün deyil, eləcə də bu serialda. Aslihan bu rola quruluşçu şirkət tərəfindən dəvət alıb. Şirkət bir rola aktyor dəvət edərkən həmin rolu canlandıracaq aktyorun onlara nə qədər reytinq gətirəcəyini əsas götürür. Aslihan “Bir bulud olsam” serialında çox böyük reytinq qazanmışdı. Cazibə rolunu hər hansısa azərbaycanlı bir aktrisanın oynaması filmə bu reytinqi qazandırmazdı. Hamıya çox asan görünə bilər, ancaq bu o qədər də asan bir iş deyil. Hər halda Aslihan Azərbaycan dilində layiqincə danışmaq üçün əlindən gələni edir və tamaşaçılardan bu məsələyə anlayışla yanaşmasını istəyirəm.

- Akademik Milli Dram Teatrda əsaslı təmirdən sonra həyata keçirilən iş prinsipini necə qiymətləndirirsiniz? Artıq uzun illərdir Türkiyədə fəaliyyət göstərirsiniz. Fikrinizcə, teatrın inkişafının əsasında nələr dayanır?

- Əsaslı təmirdən sonra Akademik Milli Dram Teatrının binası çox gözəlləşib. Hər halda bu qədər çətinliklərə baxmayaraq binanın son dərəcə müasir standartlara cavab verəcək şəkildə təmir olunması gözəl bir haldır və mən buna görə Əbülfəs Qarayevə minnətdarlıq edirəm. Ancaq teatrda gözəl bina və səhnədən başqa gözəl tamaşa və aktyor oyunu da olmalıdır. Bina təmir olunsa da, aktyor dəyişikliyi yoxdur. 20 il öncəki vəziyyət bu gün də davam edir. Hər şey inkişaf edir, dəyişir, ancaq aktyor oyunda heç bir irəliləyiş yoxdur... Yeri gəlmişkən, “Yaxşı Cazibə”nin çəkilişinə bir neçə universitet bitirmiş aktyorları dəvət etdik, ancaq ki, bizim aktyorların qəribə bir tendensiyası var - pafoslu danışıq. Dünya teatrlarında pafoslu danışıq çoxdan aradan qalxıb, ancaq bizdə bu hələ də davam edir. Mən Akademik Milli Dram Teatrla əlaqələri kəsmirəm. Sözsüz, istək var ki, gözəl tamaşalar qoyulsun, ancaq təkcə istəmək kifayət deyil. Türkiyədə aktyorlar durmadan üzərlərində çalışırlar, baxmayaraq ki, daxili istedadları bizimkilərdən azdır. Bizdə isə daxili istedad ola-ola öz üzərlərində işləmirlər. Aktyorlarımızın xətrinə dəymək istəmirəm, sadəcə doğrunu demək borcumdur. Mənim çalışdığım şəhər teatrı 20 il bundan əvvəlkindən yerlə-göy qədər fərqlənir. Teatrının inkişafı eyni zamanda dünya teatrları, rejissorlarla əməkdaşlıqdan da asılıdır. Bizim teatrda 27 ölkədən tamaşalar qoyulur. Xarici rejissor dəvət edilir, təcrübəni özü ilə gətirir və teatrdakılar bu təcrübədən bəhrələnirlər. Qapalı mühitdə inkişaf olmur. Mütləq və mütləq dəvətlər olmalıdır, özləri xaricə getməli və təcrübə qazanmalıdırlar. Bu gün çalışdığım teatrda yeganə qadın rejissor mənəm və mən görüb-götürmüşəm, müxtəlif təcrübələrdən lazım olan hər şeyi toplamışam. Azərbaycan üçün təmənnasız olaraq mən hər bir dəvəti qəbul edərəm. Türkiyədə heç bir işi təmənnasız görmərəm, ancaq Azərbaycanda canla-başla edərəm.

- Bir müddət əvvəl Sizin Akademik Milli Dram Teatrının direktoru İsrafil İsrafilovun iş prinsipini tənqid etmişdiniz. Rəhbərlik tərəfindən Akademik Milli Dram Teatrının səhnəsində oynamaq təklifi almısınızmı?

- İsrafil müəllimlə əvvəllər aramızda soyuqluq var idi, ancaq sonra telefonla danışdıq və mənə bir çox şeylər aydın oldu. Beynəlxalq Teatr Festivalında görüşümüz zamanı İsrafil müəllim məndən hansı rolları oynamaq istəyimi soruşdu, mənim teatr səhnəsində çıxış etməyimi arzuladığını dilə gətirdi. Hörmətli Elçin Əfəndiyev, Ədalət Vəliyevin də Azərbaycan teatrında rol oynamağıma dair böyük təşəbbüsləri olub, ancaq Türkiyədəki çoxsaylı işlərimə görə buna qərar verə bilmirəm. Türkiyə teatrlarında xarici işlər bürosunda işləyən beş nəfərdən biri də mənəm. Bununla əlaqədar işlərim həqiqətən çoxdur. Çalışıram ki, Azərbaycanla Türkiyə teatrlarını yaxınlaşdıraq. İsrafil müəllimdən də mübadilə aparılmasına dair təşəbbüslər oldu. Azərbaycana gələrkən İsrafil müəllimlə danışacağıq və bununla bağlı qərara gəlinəcək.

- Əgər lazımi hər şeylə təmin olunsanız, Azərbaycanda yaşamağa razılıq verərsiniz?

- Yox, mən artıq Türkiyədə yaşayıram və Azərbaycan üçün yetəri qədər işlər görürəm. Məsələn, Türkiyədə Azərbaycan üçün gördüyüm işləri Azərbaycanda olsaydım edə bilməzdim.

- Türkiyədə Azərbaycan Teatrının açılması barədə nə düşünürsünüz? Həmin teatra rəhbərlik edərsinizmi?

- Çox gözəl olardı. Əgər belə bir təşəbbüs olsaydı, mən əlimdən gələni edərdim. Bu teatrda könüllü aktrisa olaram, ancaq qətiyyən başında durmaram. Aktyorlar duyğusal insanlardır və düşünürəm ki, aktyordan heç zaman teatr rəhbəri olmaz. Teatrın başına keçən aktyorları biz aktyor kimi itiririk. Məsələn, bu məqamda Həsən Turabov, Əlabbas Qədirovu qeyd etmək olar. Bəlkə də hamı hansısa işin başına keçməyi istəyir, ancaq aktyor rəhbər oldusa, o zaman öz işini, aktyorluğunu itirir. Aktyorların teatrı idarə etməsinə qarşıyam.

- Eşitmişik ki, artıq qızınız Sudə də aktrisalığa başlayıb və serialda çəkilir. Siz özünüz bu sənətin bütün çətinliklərinə bələd olduqdan sonra qızınızın aktrisa olmasına necə razılıq verdiniz? Bu hal Sizi qorxutmadı ki?

- Bəli, qızım Sudə bir serialda rol aldı. Qızımda aktrisalıq qabiliyyətini balaca ikən hiss etmişdim və bu hal məni qorxutmuşdu. Çünki bu sahənin çətinliyini, aktyorların həyatının digər iş sahiblərindən daha çətin, düzənsiz olduğunu bilirəm. Ancaq sonra gördüm ki, bu cür uşaq aktyorlar çox azdır. Sudə kimi hələ bu yaşda dramatik rolu oynayan uşaqlar azlıq təşkil edir və bu da çox böyük bir istedaddır. Qorxsam da valideynlik hissim bunun qarşısına keçə bilmədi. Düşündüm ki, bəlkə qızım özünü bu sahədə göstərə biləcək, axı niyə mən mane olum?

- Bəs, yoldaşınız qızınızın bu sənətə olan həvəsini, istedadını necə qarşıladı? Nəzərə alsaq ki, Siz işlərinizlə bağlı evə gec gedirsiniz, qızınız üçün buna etiraz etmədi?

- Əslinə qalsa tək mən yox, yoldaşım özü də işlə əlaqədar çoxsaylı səfərlərdə olur. Bu gün Türkiyədə hansı mövqe qazanmışamsa, onun səbəbkarı yoldaşımdır. Yoldaşım və ailəsi mənə burada çox dəstək oldular. Azərbaycandan Türkiyəyə gəldikdən sonra bu sənəti davam etdirəcəyimi heç düşünmürdüm. Üç ay evdə oturduqdan sonra yoldaşıma hansısa bir sahədə işləmək istəyimi bildirdim və o mənə aktrisalığı davam edəcəyimi bildirdi. Təəccübləndim, çünki Azərbaycanda əksər hallarda bu hal başqa cür olur, ancaq yoldaşım əlimdən tutub məni bugünkü Şəhər Teatrına gətirdi. Şansım gətirdi ki, ora gəldiyim gün məni işə aldılar. Bugünkü mövqeyimə, qazandığım uğurlara görə yoldaşıma və ailəsinə minnətdaram.

- Azərbaycana və xalqımıza bizim vasitəmizlə hansısa sözünüz varmı?

- Bilsinlər ki, Azərbaycandan kənarda olsam da, Vətənimi sevirəm. “Mahmud və Məryəm” filminin xülyası ilə yaşayıram. Mühüm olan ölkədən kənarda ölkə üçün işlər görməkdir və mən də aktyor və rejissor kimi əlimdən gələni edirəm.


DOSTLARINLA PAYLAŞ:

oyunlar