“Yaxşı Cazibə”də çəkilməyi özüm istəmişəm”
02 Sentyabr 2011 Cümə 10:50
Azərbaycanın “Eurovision-2011” birincisi Nigar Camal Türkiyənin “ATV” telekanalında yayımlanan “Yaxşı Cazibə” teleserialında rol almasını özü arzu edib.


APA-nın məlumatına görə, bu barədə jurnalistlərə Bakıda serialın yaradıcı heyətinin iştirakı ilə keçirilən mətbuat konfransında serialın baş məsləhətçisi Məlahət Abbasova məlumat verib. M. Abbasova qeyd edib ki, Nigar Camal onun “TRT-Avaz”da aparıcılıq etdiyi verilişdə qonaq olduğu zaman bu serialda çəkilmək arzusunu dilə gətirib və aktrisa Nigar Camalın bu arzusunu yerinə yetirmək üçün serialı çəkən şirkətlə əlaqə saxlayıb. Nəticə müsbət olub və şirkət Nigar Camalın bu istəyini məmnunluqla qəbul edib: “Azərbaycanın “Eurovision” yarışmasında qalib gəlməsinə və qaliblərin səhnəyə Türkiyə bayrağı ilə çıxmasına bu serialda da önəm verildi. Aktyorlar serialın bir bölümündə Azərbaycan bayrağını dalğalandırdılar. Sözsüz ki, Nigarın bu istəyi nəzərə alındı və o bu seriyada oynayacaq”.

Nigar Camal serialın baş rol ifaçıları ilə birgə olmaqdan xoşbəxt olduğunu ifadə edib: “Londonda olanda bu serialın 12 bölümünə baxdım. Çox qəribədir ki, həmin dönəm də türklərin hamısına məni Azərbaycandan olan Yaxşı Cazibə kimi təqdim edirdilər. Çox xoşladığım bir serialda çəkilməyi arzulayırdım və bu istəyim həyata keçəcək”.

Nigar Camal bu serialda da Nigar adı altında çıxış edəcək və bu seriyada Cazibənin rəfiqəsi obrazını canlandıracaq. “Eurovision” qalibinin növbəti seriyalarda da çəkiləcəyi xəbərləri ilə bağlı sualı cavablandıran serialın rejissoru Bora Onur bunu təkzib etməyib: “Nigar xanımın serialımızda çəkilməsi bizi də çox sevindirdi. Əlbəttə növbəti seriyalarda da çəkilməsi istisna deyil. Hər halda bunu zaman göstərəcək”. Nigar Camal isə türkiyəli rejissorun bu sözləri qarşısında “əgər bacarsam, sonrası da olacaq” deyib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar