Yaşar Nurinin səhhətində möcüzə
06 Aprel 2012 Cümə 14:29
Sənətkarın qızı Ülkər Nuriyeva atasının səhhəti haqqında şad xəbəri bölüşür
Martn 16-dan İstanbulun Amerikan-Türk Xəstəxanasında müalicəsini davam etdirən Azərbaycanın xalq artisti, Akademik Milli Dram Teatrının aktyoru Yaşar Nurinin səhhəti barəsində şad xəbər var. Sənətkarın qızı Ülkər Nuriyeva Milli.az-a açıqlamasında bildirib ki, atasının səhhətində sözün yaxşı mənasında möcüzələr baş verib.
“İstanbuldan bu gecə qayıtmışam. Həqiqətən, ailəmiz adına sevindirici xəbərləri oxucularınızla bölüşürük. Məhz minlərlə pərəstişkarının Allah-Təaladan etdikləri duaları atamı yaşadır. Xəstəxanada olduğum 20 gün ərzində şahidi oldum ki, çox gümrah əhvala köklənib. Hətta müalicəsini aparan həkimlərdən biri dedi ki, "Yaşar bəy, Tanrının möcüzəsidir sürətlə sağalmağınız". Maşallah, müsbət irəliləyişlər hər an baş verir. Doğması olaraq bir daha bütün Yaşar Nuri sevənlərə təşəkkür edirəm. Atamın yeganə arzusu var. Tezliklə canı qədər sevdiyi səhnəyə çıxıb, oynadığı rollarla tamaşaçılarının görüşünə gəlmək. Ümidvaram ki, həmin gün elə də uzaqda deyil. Möcüzələr göstərən Allah onun tam sağalıb, yenidən sevdiyi sənətlə məşğul olmasını da həyata keçirər”.
Ülkərin sözlərindən dəqiqləşdirdik ki, bu səhər böyük bacısı Ülviyyə İstanbula yola düşüb. Anası Rəhimə xanım isə Yaşar müəllim xəstəxanaya yerləşdirildiyi gündən onun yanındadır.
Allahdan ən qısa zamanda sevimli sənətkarımıza sağlamlığını tam bərpa etməsini diləyib, yastığının yüngül olmasını arzulayırıq.
DOSTLARINLA PAYLAŞ: