Yaşar Nurinin qızı:
05 Yanvar 2012 Cümə Axşamı 16:11
Atamın sağalmayacağına heç kim inanmaq istəmir.
Dünən ANS TV-nin "Xəbərçi" proqramında titrlərdə yazılmış "Xalq artisti Yaşar Nurinin vəziyyətində yaxşılaşma müşahidə olunmur" cümləsi televiziya tamaşaçıları tərəfindən səhv başa düşülüb. Xalq artistinin qızı Ülviyyə Nuriyeva ANS PRESS-ə açıqlamasında dünən bütün günü zənglərə cavab vermək məcburiyyətində qaldığını deyir:
"Çoxları "yaxşılaşma müşahidə olunmur" sözlərini, "müşahidə olunur" kimi qəbul edib. Zəng vurub bizə göz aydınlığı verənlərin sayı-hesabı yoxdur. Zənglərin sayı-hesabı yox idi. Dünən bütün günü zənglərə cavab vermək məcburiyyətində qalmışıq. Başa düşürəm, atamı sevənlər, Yaşar Nurinin sağalıb ayağa qalxmasını istəyənlər o xəbəri öz istədikləri kimi qəbul ediblər. O yazıları "yaxşılaşma müşahidə olunmur" yox, "yaxşılaşma müşahidə olunur" kimi oxuyublar. Əvvəlcə biz özümüz də, elə başa düşdük ki, yəqin efirdə səhv gedib, ya da anam Rəhimə xanımın sözləri düzgün başa düşülməyib. Sonra "Xəbərçi"nin təkrar buraxılışında elə bir səhvin olmadığını gördük".
Ülviyyə xanım atası Yaşar Nurinin vəziyyətində heç bir irəliləyiş olmadığını deyir: "Yaşar Nurinin səhhətində heç bir irəliləyiş yoxdur. Atamın sağalmayacağına heç kim inanmaq istəmir. Çünki hamı onu gülərüz, həyat eşqi aşıb-daşan biri kimi tanıyır və onun bizi tərk edə biləcəyini heç kim qəbul etmək istəmir. Onun sağalmasını hamıdan çox biz istəyirik... Möcüzənin baş verməsini gözləyirik. Atamı sevənlər, onun ayağa qalxması üçün dua edənlər çoxdur. Hər duada bir kəramət var. Bilmək olmaz, hər şey Allahın əlindədir. Bəlkə elə möcüzə baş verdi?"
Xatırladaq ki, xalq artisti Yaşar Nurinin durumu noyabrın əvvəlində qəflətən yenidən pisləşib və aktyor Gömrük Hospitalının reanimasiya şöbəsinə yerləşdirilib. Bir müddət əvvəl isə ağır vəziyyətdə olan Azərbaycanın xalq artisti, görkəmli aktyor Yaşar Nurinin səhhəti ilə əlaqədar İstanbul “Memorial” xəstəxanasının həkimi Bakıya gəlmişdi. Həkimlər aktyora ağ ciyər pnevmoniyasi diaqnozu qoyublar.
DOSTLARINLA PAYLAŞ: