“Yalandan deyim yaxşıyam, yaxşı deyiləm”
04 Aprel 2011 Bazar Ertəsi 07:07
Bu gün Azərbaycanın Xalq artisti Muxtar Maniyevin ad günüdür
Bu gün Azərbaycanın Xalq artisti Muxtar Maniyevin doğum günüdür. 157 filmdə, 20 tamaşada rol alan, sadəliyi, səmimiliyi ilə seçilən, uzun müddətdir ki, efirlərdə görünməyən xalq artsiti Muxtar Maniyev bu gün 76 yaşını qeyd edir. Səhhətində olan problemlərə baxmayaraq aktyor ANS-in qonağı olub. Xalq artisti səhhəti ilə bağlı sual verəndə yaxşı olmadığını dedi: “Yalandan deyim yaxşıyam. Yaxşı deyiləm. Xəstəyəm. Mənə oqraniçeniya olanda bunu elə bunu eləmə, bura get, bura getmə. Mən çaşıb qalıram. Necə hiss edirəm özümü? Əli ayağı bağlanmış kimi. Məndə şəkərdir. Neizleçimıy xəstəlikdir. Ömrüm boyu olacaq. Konfet yemə, qənd yemə, şirni yemə, yeməyim ölüm?”

Filmlərdə, tamaşalarda rol almasa da Muxtar müəllim özünə boş vaxtlarında məşğuliyyət də tapıb. Sənətkar gününü mütaliə ilə keçirir: “Kitab oxuyuram, təzə jurnallar, hamısını alıram oxuyuram. Mənim yanıma gələnlər gül, konfet gətirmirlər. Jurnal, qəzet gətirirlər. Oxuyuram onları. Bir də görürsən gecə saat 4-5 kimi oxuyuram. Səhərə yaxın yatıram, bəzən də heç yatmıram. Gecə sakitlik olur, rahat olur, heç kim mane olmur”.

Bir aktyor kimi Muxtar Maniyevin aradıcılıq dövründə konkret ampluasf olmayıb. O müxtəlif xarakterli insanların obrazını ekranda uğurla ifa etməyi bacarıb. Lakin 52 il səhnədə saç ağardan Muxtar müəllim indiki rejissorlardan narazılığını da gizlətmədi: “Heç bir şey etməmişəm demək olar ki. Razı deyiləm yaradıcılığımdan. Məndən yaxşı istifadə etməyiblər. Mənim xoşum gəlir ki, mənə versin tapşırığı çəkilsin dayansın bir yanda mən öz işimi görüm. İndi yoxdur rejissorlar. Vaxtı ilə vardır işləmişəm onlarla mənimçün ləzzət eləyib. Tvorçskiy adamdı. Bir kəlmə ilə başa düşürsən ki, nə istəyir, heç deməsə də”.

Muxtar Maniyev 1935-ci ildə Bakı şəhərində doğulub. Aktyorun kinoya gəlişi “Koroğlu” filmi ilə olub. Hüseyn Seyidzadənin bu filmində Maniyev dəmirçi oğlu Poladı canlandırır. Daha sonra “Bizim Cəbiş müəllim”, “Ölsəm bağışla”, “Bəxt üzüyü”, “Bəyin oğurlanması”, “Bakıda küləklər əsir”, “Babək2, “Nəsimi”, “Qərib cinlər diyarında”, “İnsan məskən salır” kimi ekran əsərlərində yadda qalan obrazlar yaradıb. Filmlərdə bəzən fırıldaqçı, bəzən dəyərli insan kimi görünərək silinməz iz qoyub.

Qeyd edək ki, Muxtar müəllim bu gün axşam saat 21:30-da efirə gedəcək “Nəzər nöqtəsi” verilişinin qonağı olacaq. Keçdiyi ömür yolu və yaradıcılığı ilə bağlı sualları cavablandıracaq.


DOSTLARINLA PAYLAŞ:

oyunlar