Xəyyam Nisanov Rusiyadan gələn təkliflərini rədd etdi
12 May 2011 Cümə Axşamı 17:41
Xəyyam Nisanov: "Qazandıqlarımı itirmək istəmirəm".
Hər müğənniyə qismət olmayan təklif müğənni Xəyyam Nisanova gəlib. Müğənni ANS PRESS-ə açıqlamasında rusiyalı prodüserlərdən aldığı təklifləri rədd etdiyini bildirib: "Son beş ildə mənə belə təkliflər çox olub. Lakin onların təqdim etdikləri müqavilənin şərtləri məni bu təklifdən imtina etməyə vadar edib."

Ona təqdim edilən müqavilənin şərtlərinin çox sərt olduğunu dilə gətirən Xəyyam məhz qoyulan şərtlər üzündən müqaviləni imzalamaqdan vaz keçdiyini söyləyir: "Rusiya şou-biznesinə qatılmağı çox istəyərdim. Ancaq mənə görə razılaşa bilmədiyim ən ağır şərt ən azı 3 il Azərbaycan şou-biznesindən kənar qalmaq məcburiyyətində olmağımdır. Bu şərtlə heç cür razılaşa bilmirəm. Əvvəla, uzun müddət Azərbaycandan kənarda qala bilmirəm. İkincisi də, mən artıq burada öz işimi qurmuş hesab edirəm və qazandıqlarımı itirmək istəmirəm".

Müğənni belə təkliflərlə razılaşmaq üçün gec qaldığını deyir: "Bilirəm ki, belə təkliflər hər müğənniyə qismət olmur. Lakin mənim artıq 27 yaşım var və ölkəmdə yaşayıb fəaliyyət göstərməkdən imtina edib nəticəsi məlum olmayan işbirliyinə imza ata bilmərəm. Sənətə yeni başladığım illərdə belə təklif alsaydım, qətiyyən boyun qaçırmazdım. Belə bir təklif Eldar və Nigar üçün keçərlidir. Mənim üçünsə artıq gecdir!"

Müğənninin musiqi prodüseri Murad Arif Rusiya prodüserlərinin Xəyyam Nisanova marağına belə aydınlıq gətirdi: "Şou-biznes pul qaynağı kimi bir şeydir. Heç kim potensialı olmayan bir layihəyə maya qoymaz. Xəyyam Araşla, Tarkanla və digər dünya şöhrətli ulduzlarla Rusiyada az səhnə bölüşməyib. İşbirliyi təklif edən prodüserlər Xəyyamı bu proqramlara daha yüksək qiymətə salmaq fikrindədirlər". ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar