Xalq artisti İlham Əliyevə söz verdi
03 İyul 2013 Çərşənbə 06:20
Tanınmış səhnə ustaları prezidentə məktub yazdı
Azərbaycanın tanınmış mədəniyyət xadimləri, xalq artistləri Şəfiqə Məmmədova, İlham Namiq Kamal və Afaq Bəşirqızı prezident İlham Əliyevə məktub yazıblar. ANS PRESS-in Modern.az-a istinadən verdiyi məlumata görə, bu yaxınlarda prezidentin sərəncamı ilə “Şərəf” ordeninə layiq görülən Xalq artistləri öklə başçısına təşəkkür ediblər.
“Azərbaycan mədəniyyətinə diqqətiniz və bu mədəniyyəti yaşadan incəsənət xadimlərinə qayğınız bizi qürurlandırır. Milli teatrımızın 140 illiyi münasibətilə məni “Şərəf” ordeninə layiq gördüyünüz üçün Sizə dərin təşəkkürümü bildirir, sayğı dolu minnətdarlığımı ərz edirəm. Yaradıcılığıma verdiyiniz yüksək qiymət mənim üçün çox dəyərlidir. Mədəniyyətimizə olan münasibətdə ulu öndər Heydər Əliyev ənənələrini yaşatmağınız hər birimizdə sağlam və işıqlı gələcəyə inamı daha da artırır. Biz hələ uzun illər Sizdən bu qayğını görəcəyimizə əminik.
Zati-aliləri, Sizə bir daha təşəkkür edir və Azərbaycanın rifahı naminə apardığınız ali dövləti fəaliyyətinizdə uğurlar arzulayıram”-deyə Ş.Məmmədova məktubunda qeyd edilib.
İlham Namiq Kamal da prezident İlham Əliyevə diqqətinə görə, minnətdarlığını bildirib:
“Bu gün Azərbaycanın teatr sənəti Sizin sayənizdə yeni inkişaf dövrünü yaşayır. Sizin Sərəncamınızla Azərbaycan teatrının maddi-texniki bazası gücləndirilmiş, bu sahədə çalışan sənət adamları hərtərəfli qayğı ilə əhatə olunmuşlar. Bütün bunları onlar böyük rəğbətlə qarşılayır və Sizin siyasətinizi daim dəstəkləyirlər.
Hörmətli cənab Prezident,
Səhnə fəaliyyətimi yüksək qiymətləndirərək, milli teatrımızın 140 illik yubileyi münasibətilə məni “Şöhrət” ordeni ilə mükafatlandırdığınıza görə Sizə dərin minnətdarlığımı bildirirəm. Sizə və ailənizə cansağlığı, xoşbəxtlik və səadət arzulayıram”.
Xalq artisti Afaq. Bəşirqızı ölkə başçısına onu “Şöhrət” ordeni medalına layiq gördüyü üçün təşəkkürünü bildirib:
“Uzun illik səhnə fəaliyyətimə göstərdiyiniz diqqət və qayğıya görə, Sizə dərin minnətdarlığımı bildirirəm. Azərbaycanın teatr xadimlərinin təltif edilməsi ilə əlaqədar imzaladığınız Sərəncamla məni “Şöhrət” ordeninə layiq görməyiniz bütövlükdə Sizin tərəfinizdən Azərbaycan teatr sənətinə verilən qiymətdir. Etimad göstərib layiq gördüyünüz Vətənimin “Şöhrət” ordenini şərəf və ləyaqətlə daşıyacağıma söz verirəm”, - Afaq Bəşirqızı məktubda yazır.
DOSTLARINLA PAYLAŞ: