Bakı. Ülkər Qasımova – APA. Gürcüstanın tanınmış müğənnisi Vaxtanq Kikabidze noyabrın 19-da Bakıya gələcək. Müğənninin Azərbaycana səfərinin məqsədi Heydər Əliyev Sarayında xüsusi konsert proqramı ilə çıxış etməkdir. Bu barədə
APA-ya Heydər Əliyev Sarayının mətbuat katibi Anar Fərəczadə məlumat verib. O bildirib ki, Vaxtanq Kikabidzenin konsertdən iki gün əvvəl gəlməsinə səbəb çox sevdiyi Bakını gəzmək, buradakı dostları ilə görüşmək, eləcə də Azərbaycandakı pərəstişkarları üçün hazırladığı xüsusi proqramın məşqlərində iştirak etməkdir. Azərbaycanda kifayət qədər tamaşaçı auditoriyasına sahiblənən gürcüstanlı müğənninin Bakıya 15 nəfərlik komandası ilə gələcəyi bildirilir. Vaxtanq Kikabidzenin paytaxta təyyarə ilə yox, xüsusi avtomobillə gələcəyi gözlənilir.
A. Fərəczadə deyib ki, konsertin biletlərinin satışı şəhərin bütün mərkəzi kassalarda həyata keçirilir. Artıq biletlərin bir qisminin satıldığını vurğulayan mətbuat katibi, proqramda Vaxtanq Kikabidzenin ifasında yaddaqalan mahnılarını səslənəcəyini diqqətə çatdırıb. Müğənni mahnıları əsasən rus dilində səsləndirəcək. “Ya jizn ne toroplyu” adı altında noyabrın 21-də Heydər Əliyev Sarayında baş tutacaq konsertin biletlərinin qiyməti 10-40 manat arasındadır.
Qeyd edək ki, Heydər Əliyev Sarayının təşkilatçılığı ilə keçiriləcək konsertin informasiya dəstəyi APA İnformasiya Agentliyinə məxsusdur.