Ülviyyə Vəliyeva yeni disk buraxıb
14 Aprel 2009 Çərşənbə Axşamı 19:15
Bu gün Bakı Caz Mərkəzində Bakı Musiqi Akademiyasının magistr tələbəsi, gənc bəstəkar və pianoçu Ülviyyə Vəliyevanın “Dalğa” diskinin təqdimatı keçirilib.
APA-nın xəbərinə görə, “Gilan Holdinq”in təşkilatçılığı ilə istehsal olunan diskdə onun ifasında “Xəyallar”, “Həsrət”, “Dalğa”, “Zaman”, “Əlvida demə” və digər mahnılar toplanıb. Mərasimdə çıxış edən pianoçu bildirib ki, bu diskdə onun 15 mahnısı yer alıb: “Bu sayca ikinci diskimdir. İlk diskim 3 il bundan əvvəl işıq üzü görmüşdü. Müəllimlərim mənim istedadlı olduğumu deyirlər. Əslində buna da qəlbən sevinirəm”. Ü. Vəliyeva deyib ki, diski hazırlayarkən onun əsas məqsədi dinləyicilərin zövqünü oxşamaq olub. O, indiyə qədər bir çox beynəlxalq müsabiqədə iştirak etdiyini və qabil olduğunu açıqlayıb. Eyni zamanda azərbaycanlı gənc bəstəkar Türkiyədə çəkilən, Atatürkdən bəhs edən filmə də mahnı yazıb. Təqdimatdan sonra bəstəkarın “Mənə sevməyi öyrədin...” adlı ilk solo konserti keçirilib. Konsertdə Aynur İsgəndərli, Azad Şabanov, Elnur və başqaları çıxış ediblər. Təqdimat mərasimində xalq artistləri Flora Kərimova, Yalçın Rzazadə, Mübariz Tağıyev, rejissor Şeyx Əbdül Mahmudbəyli və başqaları iştirak ediblər. Bəstəkarın eyni konsert proqramı ilə Türkiyədə də çıxış etməsi planlaşdırılır.
 
APA


DOSTLARINLA PAYLAŞ:

oyunlar