Ulvira Qarayeva:
11 Yanvar 2012 Çərşənbə 19:41
“Toy olsun” verilişinin aparıcısı bildirib ki, evli olduğu 2,5 ay ərzində günləri heç də xoş keçməyib və çoxlu problemləri olub.
“Gün ərzində həyat yoldaşımın vəziyyəti ilə bağlı xəstəxanadan zəng gözləmişəm. Zəng reklam fasiləsi zamanı gəldi. Məlum oldu ki, Tərlanın xəsarəti yüngül deyil. Vəziyyəti ağırdır”. Belə bir açıqlamanı bu gün ANS TV-nin “Toy olsun” verilişinin aparıcısı Ulvira Qarayeva edib. Onun sözlərinə görə, həyat yoldaşı, meyxanaçı Tərlan Dağlı onunla telefonla danışanda deyib ki, xəstəxanada tək qalıb, ağrıları var. U.Qarayeva ərini onu bıçaqlayanlara olan nifrətini də gizlətməyib: “Kim edibsə, Allah bəlasını versin”.

U.Qarayeva bildirib ki, Tərlan bu hadisə ilə bağlı heç kimə heç nə demir: “Heç kimə demir ki, hadisə necə olub, niyə baş verib. İndi ikinci əməliyyata girib”.

U.Qarayeva onu da deyib ki, evli olduğu 2,5 ay müddətində onun günləri heç də xoş keçməyib və çoxlu problemləri olub: “Tərlan ölümlə boğuşarkən mən hansısa qərar verə bilmərəm. Sağalsın, ayağa qalxsın, sonra qərarımı bildirəcəyəm”.

Ulvira Qarayeva meyxanaçı Tərlan Dağlı ilə ANS telekanalının “Toy olsun” verilişində tanış olduğu üçün bu açıqlamanı ilk olaraq elə bu verilişdə edib. Sabah isə Ulvira ANS TV-nin “Günəbaxan” verilişinin qonağı olacaq və məhz bu verilişdə də son qərarını və son aşıqlamasını verəcək. “Günəbaxan”a qədər bir gecə vaxt var. Bu müddət ərzində xeyli düşünəcəm və şəxsi həyatımla bağlı son qərarımı verəcək”.

Aparıcı Elgiz Əkbər Ulviraya qərarının boşanmaq məsələsi ilə bağlı olub-olmamasını soruşub. U.Qarayeva isə hələlik nəsə demək istəmədiyini söyləyib.

Xatırladaq ki, bu günə keçən gecə Bakıda bıçaqlanan meyxanaçı Tərlan Dağlının həyat yoldaşı Ulvira Qarayeva hadisə ilə bağlı ANS-in canlı efirində açıqlama verib. Nərimanov rayon Polis İdarəsi 16-cı Polis Bölməsininin məlumatına görə, metronun “Gənclik” stansiyası yaxınlığında, “McDonalds” restoranını arxasında 1990-cı il təvəllüdlü Mustafayev Tərlan Ağa oğlu bıçaqlanıb. Ağır xəsarətlər almış gənc Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Qeyd edək ki, faktla əlaqədar Nərimanov rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə cinayət işi başlanılıb və işin icraatı müstəntiq İbrahimxəlil Əhmədova verilib.

Onu da qeyd edək ki, T.Mustafayev (Tərlan Dağlı) meyxanaçıdır və ANS telekanalında “Toy olsun” verilişinin aparıcısı Ulvira Qarayevanın həyat yoldaşıdır. Hadisə ilə bağlı Lent.az-a açıqlama verən müstəntiq İ.Əhmədov T. .Dağlının vəziyyətinin normallaşdığını deyib. Lakin hələlik zərərçəkmişin ifadəsini almaq mümkün olmayıb. Bu səbəbdən də hadisənin təfərrüatları ilə bağlı geniş məlumat əldə edilməyib. Hazırda faktla əlaqədar araşdırmalar davam etdirilir. İlkin məlumata görə, hadisə şəxsi münasibətlər zəminində baş verib. Belə ki, T.Dağlı dostları ilə həmin restoranda olub və mübahisə yaranıb. Daha sonra mübahisə restoranın arxasında davam etdirilib və burada U.Qarayevanın əri bıçaqlanıb. Yaralı meyxanaçı hadisədən dərhal sonra taksi tutaraq özünü xəstəxanaya çatdırıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar