Üç ölkənin "Eurovision" təmsilçisi Bakıya gəlir
29 Mart 2011 Çərşənbə Axşamı 17:25
Türkiyə, Moldova, Maltanın “Eurovision-2011” təmsilçiləri promo tur çərçivəsində Bakıda çıxış edəcəklər
Türkiyə, Moldova və Maltanın “Eurovision-2011” Mahnı Müsabiqəsindəki təmsilçilər promo tur çərçivəsində Azərbaycana gələcəklər. ANS PRESS-in İctimai Televiziyanın rəsmi saytına istinadən verdiyi məlumata görə, ilk olaraq Bakıya Türkiyə təmsilçisi - “Yüksek Sadakat” qrupu aprelin 4-də Bakıya səfər edəcək.

Bundan başqa, Almaniyanın Düsseldorf şəhərində keçiriləcək “Eurovision-2011” Mahnı Müsabiqəsində Moldova adından çıxış edəcək “Zdob şi Zdub” qrupu aprelin 6-da Bakıda olacaq. Malta təmsilçisi Glen Vella isə promo tur çərçivəsində aprelin 10-dan sonra Azərbaycana gələcək.

"Eurovision" yarışmasının iştirakçıları Bakıda olduqları müddətdə İctimai Televiziya proqramlarında iştirak edəcəklər.

Qeyd edək ki, Türkiyə “Eurovision-2011” Mahnı Müsabiqəsinin mayın 10-da keçiriləcək birinci yarımfinal mərhələsində çıxış edəcək. “Yüksek Sadakat” qrupu müsabiqədə “Live it Up” mahnısı ilə təmsil olunur. Birinci yarımfinalda iştirak edən Malta nümayəndəsi Glen Vella “One Life”, mayın 12-də keçiriləcək ikinci yarımfinal mərhələsində çıxış edəcək Moldova təmsilçisi “Zdop Şi Zdub” qrupu isə yarışmada “So lucky” mahnısını ifa edəcək.


DOSTLARINLA PAYLAŞ:

oyunlar