Müğənni Röyanın peşəkar fəaliyyətinə başladığı Türkiyə artıq Azərbaycanın Rihannasından danışır. ANS PRESS-in məlumatına görə, qardaş ölkənin Show TV kanalında azərbaycanlı müğənniyə həsr edilmiş süjet hazırlanıb. Məşhur türk sənətçisi Soner Sarıkabadayı Röya ilə bağlı telekanala müsahibə verib. Müğənni - bəstəkar azərbaycanlı müğənni ilə əməkdaşlığından ağızdolusu söz açıb: "Çox bəyəndiyim insan. Ona ən böyük faydanı vermək üçün əlimdən gələni etməyə çalışdım. Sevgili Mustafa Ceceli də mahnının düzənləməsini də yazdı. Mahnı yeni yayımlanmasına rəğmən uğur qazanaraq sevilməyə başlayıb."
Soner Sarıkabadayı Röyanın Azərbaycan və Türkiyə arasında sənət körpüsü olacağına inandığını deyib: "Röya ölkəmiz üçün önəmli bir körpü. Çünki Azərbaycan üçün çox önəmli sənətçi. Belə bir önəmin bizim ölkəmizdə də kəşf edilməsi iki ölkə arasındakı musiqi istehsalının inkişafına böyük təkan verəcək."
Qeyd edək ki, Röyanın "Göndər" klipi Türkiyə telekanallarında yayımlanır.