Türk kinosunun Sultanı Azərbaycandan yazıb
10 Dekabr 2012 Bazar Ertəsi 02:22
“Şəhidlərin mənəvi hüzurunda abidəyə qırmızı gülləri qoyduğum anda gözlərim doldu”
Türkiyənin məşhur aktrisası Türkan Şorayın yerli "Habertürk" qəzetində Azərbaycan səfəri barədə məqalə dərc olunub.

Sizə salam gətirmişəm

Azərbaycanda 3 gün yaşadığım gözəlliklər məni bu yazını yazmağa sövq etdi. “Sinemam ve ben” (Kinom bə mən) adlı kitabımda 1970-ci ildəki Bakı səyahətimdəm söz açaraq, “Qardaş ölkə Azərbaycanda çox sevildiyimi bilirəm. Mən də azərbaycanlı qardaş və bacılarımı çox sevirəm. İlk fürsətdə bu olkəyə gedərək onlarla qucaqlaşmaq istəyirəm” - demişdim. Deməli nə qədər ürəkdən istəmişəm ki, qarşıma bir anda Azərbaycan səyahəti çıxdı. Azərbaycan Gənclər və İdman naziri Azad Rəhimovla Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev İstedadlı və yaradıcı gənclərin II Respublika Toplantısının açılış mərasimində iştirak etmək üçün dəvət etmiş və daha sonra bu gənclərlə kino və incəsənət barədə danışmağımı (master-kalss) arzu etmişdilər. Azərbaycanda 3 gün unuda bilməyəcəyim anlar yaşadım. Qardaş ölkədə sözlə ifadə edə bilməyəcəyim sevgi seli ilə qarşılaşdım. Çaşmışdım. Uşaqlar, gənc qızlar, insanlar gördükləri yerdə, əksəriyyəti də göz yaşlarıyla məni qucaqlayırdılar. Bunun səbəbini də dedilər. 1990-cı illərdə Qarabağ müharibəsi və müstəqillik mübarizəsi vaxtı Azərbaycan dövlət televiziyası xalqın əhval-ruhiyyəsini yaxşılaşdırmaq üçün mənim, “Arım Balım Pətəyim” filmimi dəfələrlə nümayiş etdirib.

Türk Hava Yollarının (THY) səhər reysi erkən saatda idi. Axşamdan paltarlarımı və aksesuarlarımı hazırladım. Özümə ən çox yaraşdırdığım paltarları seçdim. Səhər zəngin səsi ilə oyananda şirin, həyəcanlı bir gün başlamışdı. Hava limanı, təyyarəyə minmə, stüardessaların təbəssümlə qarşılamaları, təyyarənin uçması, Azərbaycana getmək xöşbəxtliyinin təyyarə qorxusunu yox etdiyi 2-3 saat və Azərbaycana çatmaq. Təyyarənin qapısında nazir müavini İntiqam Babayev və heyət məni çiçəklərlə qarşıladılar.

Azərbaycan xalqının ümumilli lideri Heydər Əliyevin qəbri və şəhidlər xiyabanını ziyarət. Əvvəl Heydər Əliyevin məzarına çiçəklər qoydum. Bu ziyarət etdiyimiz yerdə tanınmış ictimai siyasi dövlət xadimlərinin və milli qəhrəmanların da məzarları vardı. Sonra şəhidlər xiyabanına getdik. Azərbaycanın Müstəqillik şəhidləri. Yüzlərlə lövhələrdə xalq şəhidlərinin adları yazılmışdı. Bu şəhidlərin mənəvi hüzurunda abidəyə qırmızı gülləri qoyduğum anda gözlərim doldu. Xiyabanın sonunda əbədi məşəl yanırdı. Alovu elə böyük idi ki. Sən demə bu məşəl illərdir şəhidlərin xatirəsinə yanırmış. Bu duyğusal səfər və soyuq hava. Dincəlmək üçün bizi kafeyə apardılar. Yerə basdırılmış böyük bir torpaq küpdə bişən təndir çörəyi, isti çay, kərə yağı, qaymaq və ev mürəbbəsilə yediyim səhər yeməyinin dadından doymadım. Sonra otelə qayıdaraq axşam keçiriləcək tədbir üçün hazırlığa başladım. Tədbirdə Türkiyə səfirliyinin hörmətli nümayəndələri də iştirak edirdi. Zalda çox adam vardı və səhnəyə çıxmağım böyük alqışlarla qarşılandı.

Ertəsi gün proqramım tezdən başlayacağı üçün səhər yeməyimi (kahvaltı) otağa istəmişdim. Bir tərəfdən də təşvişlə hazırlaşırdım. Səhər yeməyi gecikirdi. Bu səfərdə məni müşayiət edən Şenay Ülkü qəbul otağına (resepşın) zəng vuraraq səhər yeməyinin niyə gecikdiyini soruşdu. Sən demə orda bizdəki “kahvaltı” (türkcə səhər yeməyi) günorta yeməyi imiş. “Kahvaltıya” isə səhər yeməyi deyirlər. Bir müddət sonra otağın telefonuna zəng vuraraq gecikməyə görə üzr istədilər və “Yeməyiniz qapıya düşdü” – dedilər. Bu çox xoşuma gəldi və gülməyə başladım. İki gün ərzində Azərbaycan türkcəsi ilə olan çox xoş danışıqlara şahid oldum. Misal üçün öldü əvəzinə dünyasını dəyişdi deyirlər.


DOSTLARINLA PAYLAŞ:

oyunlar