Turan Xatirə İslama ideya verdi
14 May 2010 Cümə 17:40
Xatirə İslam sabah seldən zərərçəkmiş bölgələrə yola düşəcək.
Bu gün ANS TV-nin “Günə baxan” verilişinin qonağı olan müğənni Xatirə İslam canlı yayımda seldən əziyyət çəkən rayonlarda konsert proqramı ilə çıxış edəcəyini bəyan edib. Müğənni ANS PRESS-ə açıqlamasında bildirib ki, bu ideyanın müəllifi qonağı olduğu verilişin aparıcısı Turan İbrahimovdur.
“Turanın çıxışlarını və bu insanlara necə can yandırmasını gördükdə, mən də əlimdən gələn nə isə eləmək istədim. Ərk etdiyim sənətçi dostlarıma mənimlə getməyi təklif edəcəm. Ümumiyyətlə, bütün sənətçiləri bu aksiyaya qatılmağa çağırıram"- deyən müğənni bildirib.
Sənətçinin sözlərinə görə, sabah Şirvan rayonuna yola düşəcək. Xatirə İslam təkcə Şirvanda deyil, təbii fəlakətdən əziyyət çəkmiş bütün rayonlarda konsert vermək fikrində olduğunu qeyd edib.
Aparıcı Turan İbrahimov isə ANS PRESS-ə açıqlamasında müğənninin qərarını alqışladı: “Fikrimcə tanınmış sənət adamlarının əhali ilə görüşləri, onların qarşısında konsert proqramı ilə çıxış etmələri evlərindən-eşiklərindən olmuş camaata mənəvi dəstək olacaq. Onlar bu çətin gündə tək olmadıqlarını görəcəklər. Buna görə də sənət adamlarının belə ağır gündə xalqımızın yanında olmalarını dəstəkləyirəm”. . ANSPRESS
DOSTLARINLA PAYLAŞ: