Telman Adıgözəlovun vəfatından bir il keçir
15 Aprel 2011 Cümə 05:29
Tural Adigözəlov: “Təzə-təzə elə gəlirdi ki, bizə atam harasa qastrol səfərinə gedib, qayıdacaq”
Duzlu-məzəli söhbətləri ilə insanlara xoş əhval-ruhiyyə bəxş edən, səmimiyyəti, mehribanlığı ilə hörmət və məhəbbət qazanan Telman Adıgözəlovun ölümündən bir il keçir. Bu gün aramızda olmasa da Xalq artisti teatr sənətində izini qoyan sənətkar kimi xatirələrdə yaşayır. Ömrünün sonuna qədər səhnədə, tamaşaçıların arasında olan Telman Adıgözəlovu indi ifa etdiyi neçə-neçə obrazları yaşadır. Artıq 1 ildir Xalq artistinin zarafat-gülüşlə dolu söz-söhbətini, ifalarını yalnız filmlərdən, tamaşalardan izləyə bilirik. Aktyor yaratdığı obrazlar hər zaman tamaşaçılara nikbin ruh, xoş əhval ruhiyyə bəxş edib. Bəlkə də ondandır ki, bu gün onun yoxluğuna inanmaq çətindir.

Aktyorun oğlu Tural Adigözəlov onun ölümünə hələ də inanmadıqlarını, bir gün qayıdacağına inandıqlarını deyi: “Bir il onsuz çox darıxdırıcı keçdi. Həmişə olub indi yoxdu. Hərdən evdə ailədə özümüz söhbət edirik. Təzə-təzə elə gəlirdi ki, bizə atam harasa qastrol səfərinə gedib, qayıdacaq. Bütün ailə üzvləri yuxu görürdük ki, harasa gedib amma qayıdacaq. Zaman keçdikcə adam dərk edir ki, artıq o yoxdur. Həyatmızda atamın boşluğu yeri görünür”.

10 ildir Akademik Milli Dram teatrında çalışan Xalq artisti bu sənət ocağının səhnəsində ifa etdiyi bir-birindən maraqlı, rəngarəng obrazlarla tamaşaçı məhəbbəti qazanıb. Kiçik rollarında belə onun bir dəfə səhnəyə çıxmağı bütün tamaşanın gedişatını dəyişirdi. Tamaşaya bir oynaqlıq gətirirdi.

Balakəndə anadan olan Telman Adıgözəlov hələ orta məktəbdə oxuyarkən aktyorluq kurslarında iştirak edib. Bu həvəsini peşəkar səviyyəyə çatdırmaq üçün mədəniyyət və incəsənət universitetinə daxil olur. 25 yaşından Akademik Milli dram teatrına gələn aktyor həyatını bu sənət ocağına bağlayır. O “Vaqif”, “Bəxtsiz Cavan”, “Şəhərin yay günləri”, “Mahnı dağlarda qaldı” kimi səhnə əsərlərində, “Yaşıl eynəkli adam”, “Nigarançılıq”, “Ordan-burdan”, “Evləri köndələn yar” və digər televiziya tamaşalarında, eləcə də bir çox filmdə maraqlı obrazlar ifa edib.

Həmişə zarafatcıl, səmimi, mehriban insan olan Telman Adıgözəlovun ölümünə indi də inanmaq çətindir. Onu sevən tamaşaçılar, dost-tanışları, ailə üzvləri hələ də aktyorun ölümünə inanmır. Xatırladaq ki, Xalq artsiti Telman Adıgözəlov ötən ilin bu günü 57 yaşında ürək çatışmazlığından dünyasını dəyişib. Xalq artsiti Fatmayi qəbristanlığında valideylərinin yanında dəfn olunub.




DOSTLARINLA PAYLAŞ:

oyunlar