Şou Biznes

Tarzən Ramiz Quliyevin vəfatının ildönümündə II Fəxri xiyabanda qəbirüstü abidəsi açıldı

Xalq artisti, professor Ramiz Quliyevin vəfatından bir il sonra məzarı üzərində abidə ucaldılıb. Mərasimdə Vamiq Məmmədəliyev, Mənsum İbrahimov və Fəxrəddin Manafov ustadı xatırlayıb, oğlu Əyyub Quliyev iştirakçılara təşəkkür edib.

· Xəbərçi
Tarzən Ramiz Quliyevin vəfatının ildönümündə II Fəxri xiyabanda qəbirüstü abidəsi açıldı

Görkəmli tarzən, Xalq artisti, professor Ramiz Quliyevin vəfatının birinci ildönümündə – oktyabrın 15-də II Fəxri xiyabanda onun qəbirüstü abidəsinin açılışı olub. Mərasimdə sənətkarın ailə üzvləri, Mədəniyyət Nazirliyinin əməkdaşları, tanınmış mədəniyyət və incəsənət xadimləri, eləcə də ustadın çoxsaylı tələbələri iştirak ediblər.

Ramiz Quliyev 2025-ci il oktyabrın 15-də, 78 yaşında uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib və II Fəxri xiyabanda dəfn olunub. Bir il sonra onun məzarı üzərində ucaldılan abidədə sənətkarın ömrünü həsr etdiyi tar da öz əksini tapıb.

“Tarın bayraqdarı idi”

Mərasimdə çıxış edən Xalq artisti Vamiq Məmmədəliyev Ramiz Quliyevin tara olan sevgisinin sonsuz olduğunu və bunun qəbirüstü abidəsində də əksini tapdığını deyib: “Ramiz müəllimin xatirəsi hər zaman yaşayacaq. Bu gün onun çoxsaylı tələbələri buradadır”.

Xalq artisti Mənsum İbrahimov mərhum sənətkarı tarın bayraqdarı adlandırıb: “O, həqiqətən də, sənət üçün doğulmuşdu. Ramiz müəllim ölməz sənətkardır, o, həmişə yaşayacaq. Onun ifaları hər zaman qulaqlarımızdadır”.

Mədəniyyət nazirinin müavini Murad Hüseynov Ramiz Quliyevin vəfatının Azərbaycan mədəniyyəti üçün böyük itki olduğunu vurğulayıb: “O, Azərbaycan muğamını hər zaman layiqincə təmsil edib. Belə sənətkarlar hər zaman yaşayacaq, özlərindən sonra gələn gənclər üçün örnək olacaqlar. Ramiz Quliyev xüsusilə gənclərə dəstək olurdu”.

Xalq artisti Fəxrəddin Manafov isə ustadın sənət yolunu oğlunun davam etdirdiyini xatırladıb: “Ramiz Quliyevin tara və sənətə olan sevgisi tükənməz idi. Onun sənətə sevgisini indi də oğlu davam etdirir. Böyük sənətkar idi, hər zaman qəlbimizdə yaşayacaq”. Sonda mərhum sənətkarın oğlu, dirijor, Əməkdar artist Əyyub Quliyev mərasim iştirakçılarına təşəkkür edib.

Oğlu “44” filminin musiqisini səsləndirdi

İldönümü təsadüfən elə bir həftəyə düşüb ki, Əyyub Quliyevin adı yenidən gündəmdədir. Oktyabrın 15-dən ölkə kinoteatrlarında nümayişə başlayan “44” bədii filminin musiqisi məhz onun dirijorluğu ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının Simfonik Orkestrinin ifasında lentə alınıb. Musiqinin ilkin yazısı ABŞ-da, yekun miksinq və masterinq işləri isə Böyük Britaniyanın “AIR Studios” studiyasında aparılıb.

Ağdamdan dünya səhnələrinə

Ramiz Quliyev 1947-ci il aprelin 30-da Ağdamda anadan olub. Musiqi təhsilinə Ağdamda başlayıb, 1964–1969-cu illərdə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında tar və dirijorluq ixtisasları üzrə təhsil alıb. 1974-cü ildə Moskvada keçirilən estrada artistlərinin V Ümumittifaq müsabiqəsində laureat adını qazanıb.

Uzun illər Dövlət Filarmoniyasının solisti olan tarzən Türkiyə, ABŞ, Kanada, Fransa, İngiltərə, Hindistan, Norveç, İsveçrə, İran və bir çox başqa ölkədə konsertlər verib. 1989-cu ildə “Böyük İpək yolu” festivalı çərçivəsində 40 gün ərzində Yaponiyanın 30-dan çox şəhərində çıxış edib. Görkəmli violonçel ustası Mstislav Rostropoviç 1997-ci ildə ata və oğul Quliyevləri Bakıda və Moskvada keçirilən 70 illik yubileyinə dəvət edib.

Sənətkar 1974-cü ildən konservatoriyada (indiki Bakı Musiqi Akademiyası) dərs deyib, 1992–2002-ci illərdə xalq çalğı alətləri kafedrasına rəhbərlik edib. O, İzmirdəki Egey Universitetində, Yerusəlimdə və Tehranda ustad dərsləri keçib, tar üçün dərsliklərin və metodik vəsaitlərin müəllifi olub. Onun yetirmələri bu gün Azərbaycanda və xaricdə orkestr və ansambllarda çalışır.

Ramiz Quliyev 1982-ci ildə Əməkdar artist, 1988-ci ildə Xalq artisti fəxri adlarına layiq görülüb. O, 2014-cü ildə Dövlət mükafatı laureatı olub, “Şöhrət” (2007) və “Şərəf” (2017) ordenləri ilə təltif edilib.

Mənbə: APA

Şərhlər