Tarkanın konsertinə biletlər satılmır?
27 Dekabr 2011 Çərşənbə Axşamı 17:59
"Bir bilet alana ikincisi hədiyyə" anonsu meqastarın konsertinə biletlərin satışının zəif olduğuna işarədir.
Jurnalistləri konsertində görmək istəməyən məşhur türk müğənnisi Tarkanın Yeni il gecəsi Bakıda verəcəyi konsertin biletləri deyəsən satılmır. ANS PRESS-in məlumatına görə, müğənninin 31 dekabrda Bakı Expo Mərkəzində (Baku Expo Center) 90 dəqiqəlik konsert proqramı ilə çıxış edəcəyi gecənin biletləri hələ də yerli telekanallarda anons edilir. Anonslarda səslənən "Bir bilet alana ikincisi hədiyyə" sözləri, meqastarın konsertinin biletlərinin satılmadığına işarədir.
Tarkanla bərabər həmin gecə səhnəyə "Slivki" qrupu da çıxacaq. Konsertlə bağlı keçirilən mətbuat konfransında qeyri-adi şoularla zəngin olacaq gecədə lazer şoularla daha bir qeyri-adi şounun, göydən kəndirlə ayaqlarından başıaşağı sallanmış qızların şərab süzəcəyi bildirilmişdi. Gecənin texniki və xidmət avadanlıqlarından tutmuş dekorasiyası, səhnə tərtibatı işlərini Türkiyənin məşhur “Staras” şirkəti öz üzərinə götürüb. Şirkət tərəfindən Bakıya 13 TIR göndəriləcək. Hətta qonaqların əyləşəcəyi kreslolar, çəngəl-bıçaqlar, salfetlər belə Türkiyədən gətiriləcək.
Qeyd edək ki, Tarkanın 31 dekabr Yeni il gecəsində Bakıda verəcəyi konsertə biletlərin qiyməti ayaq üstündə 100 manat, yeməklə birlikdə isə 300-500 manat arasında olacaq. Gecədə 8-10 min tamaşaçı üçün yerlər nəzərdə tutulub.
DOSTLARINLA PAYLAŞ: