Tanınmış aparıcının bıçaqlanan əri ANS-ə danışdı
11 Yanvar 2012 Çərşənbə 23:18
Tərlan Mustafayev: “Onlar məni təklədilər, 3-4 nəfər idilər”.
ANS TV-də yayımlanan “Toy olsun” verilişinin tanınmış aparıcısı Ulvira Qarayevanın həyat yoldaşı, Tərlan Dağlı kimi tanınan meyxanaçı Tərlan Mustafayev bıçaqlanması ilə bağlı ANS-ə eksklüziv müsahibə verib. Daha doğrusu, Tərlan Mustafayev hadisənin necə baş verməsini xatırlayıb.
Xatırladaq ki, hadisə ötən axşam Yasamal rayonu ərazisində baş verib. Naməlum şəxs və ya şəxslər 1991-ci il təvəllüdlü Mustafayev Tərlan Ağa oğlunu bıçaqlayıb. Yaralı yaxında olan şəxslərin köməkliyi ilə 1 saylı Klinik Şəhər Xəstəxanasına çatdırılıb. Dərhal onun üzərində cərrahiyyə əməliyyatı aparılıb və hazırda vəziyyəti stabildir.
Tərlan Mustafayevin sözlərinə görə, ona bir bıçaq zərbəsi vurublar, o da onun bağırsağına girib: “Onlar məni təklədilər. 3-4 nəfər idilər”
Tərlan Mustafayev kimin qəzəbinə tuş gəlməsindən xəbərsizdir: “Hadisədir, hər bir insanın başına gələ bilər. Getdiyim yerdə vurdular. Kimin vurduğunu da bilmirəm, onları tanımıram”.
Faktla bağlı Yasamal rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 126.1-ci - qəsdən sağlamlığa ağır xəsarət yetirmə maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.
DOSTLARINLA PAYLAŞ: