Şövkət Ələkbərovanın 90 illiyi qeyd edilib (FOTO)
15 Noyabr 2012 Cümə Axşamı 04:23
Əbülfəs Qarayev: "Şövkət Ələkbərovanın ifa etdiyi mahnılar insanları sevməyə, həyata dəyər verməyə, Vətənə bağlılığa, səmimi olmağa səsləyir"
Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında görkəmli müğənni, Xalq Artisti Şövkət Ələkbərovanın 90 illiyinə həsr olunmuş tədbir keçirilib. Əvvəlcə tədbir iştirakçıları filarmoniyanın foyesində sənətkarın həyat və yaradıcılığını əks etdirən fotosərgi ilə tanış olublar.

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Ş.Ələkbarovanın özünəməxsus ifaçılıq üslubundan, Azərbaycan musiqi sənətinə verdiyi bənzərsiz töhfələrdən söz açıb. Nazir deyib ki, Şövkət Ələkbərovanın sənəti daim dövlətimiz tərəfindən yüksək qiymətləndirilib: “Məhz bunun bariz nümunəsidir ki, Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə sənətkarın 90 illik yubileyi ölkəmizdə geniş şəkildə qeyd edilməkdədir. Bu tədbirlərdə Ş. Ələkbərovanın xatirəsi anılmaqla yanaşı, ölməz sənətkarın yaradıcılığı bir daha gənc nəslə çatdırılır. Azərbaycan musiqi sənətində öz sözünü demiş böyük sənətkar Şövkət Ələkbərovanın ifa etdiyi mahnılar insanları sevməyə, həyata dəyər verməyə, Vətənə bağlılığa, səmimi olmağa səsləyir. Belə bir sənətkarın irsinin təbliği gənclərin musiqi zövqünün inkişafı baxımından böyük əhəmiyyət daşıyır”.

Vurğulanıb ki, müğənninin ifa etdiyi mahnılar ilk gündən dinləyicilərin ürəklərinə yol taparaq yaddaşlarda həkk olunurdu. Şövkət Ələkbərova o nadir şəxsiyyətlərdəndir ki, sağlığında özü haqqında xoş təəssürat, dünyasını dəyişəndən sonra isə xoş xatirələr qoymuşdur. Bu isə insanın fəxr etdiyi ən yüksək zirvədir.

Tədbirdə bənzərsiz ifaları ilə könülləri fəth edən mərhum sənətkarın lent yazılarından istifadə olunub, həmçinin Şövkət Ələkbərovanın möhürünü qoyduğu mahnılar tələbələrinin, tanınmış və gənc sənətçilərin ifasında yenidən səslənib.









DOSTLARINLA PAYLAŞ:

oyunlar