Şou-biznesin borcluları
01 May 2013 Çərşənbə 01:09
Müğənni tanıyıram ki, Azərbaycanın bütün alverçisinə borcludu.
ANS TV-nin "Günə baxan" proqramı şou-biznesin borclularından söz açıb. ANS PRESS-in məlumatına görə, İlqar Mikayıloğlunun aparıcı olduğu verilişin qonaqları əməkdar artist Zöhrə Abdullayeva, müğənni Manaf Ağayev və prodüser Anar Mədətov olub.

Zöhrə Abdullayevanın canlı efirdə açıqlamaları ilə şou-biznes aləmini əməlli-başlı biabır edib: "Mən qorxmuram, açıq deyirəm. Şou-biznesə gələn müğənnilərin çoxu kasıbçılıqdan gələnlərdir. Sonradan görənlərdi. Peraşkiylə, cırıq kalqotkayla böyüyənlərdi çoxu. Sonradan qudururlar bunlar. Arpa-samanları artıq, başlayırlar şıllaqlamağa. Özü də bu təzə oxuyan müğənniciklər yaxşı dövrə düşüblər. Perestroyka, aşkarlıq dövrünə. Bunlara maşın alan da olur, ev alan da. Bir iş var ki, küsəndə o adam maşını da, evi də tutub alır müğənniciyin əlindən. Bədbəxt də sıfırda qalır."

Zöhrə xanım sənətçilərin çoxunun borclu olduğunu bildirib: "Mən müğənni tanıyıram ki, Azərbaycanın bütün alverçisinə borcludu. Alır yığır ora geyimləri, yekə-yekə geyinib gəzir. Kirayə qalır, brend geyinir, "Hammer" sürür. Ayıbdır ee. Özlərini də elə yekə-yekə aparırlar. Elə bil lom udublar. Ya bunların başı işləmir, ya da bilmirəm nədi. Hamısının da borcu var ay camaat. Biz sovet dövründə yaşamışıq. Bizim üçün borc "pozor" idi. Ümumiyyətlə mənim heç vaxt borcum olmayıb. Çünki dar günümü fikirləşmişəm. Tövbə eləmişəm, daha borc da vermirəm. Bir dəfə birinə 10 min verdim, o gedən getdi. 94-cü ildən ala bilmirəm. İstəmirəm də, başıma sadağa. Biz o biri dünyanı fikirləşmişik. Birdən yataram, səhər durmaram. O biri dünyaya borclu getməyək. Mizan-tərəzi, "razborka" ordadı. Deyəcəklər "Bura gəl, filankəsin borcunu niyə verməyib üzüqara yanıma gəlmisən?" Borcu olanlar bu dünyadan da olurlar, o biri dünyadan da. Kimin borcu var, gətirsin qaytarsın."

Verdiyi borcları geri ala bilməyən Manaf Ağayev, bundan sonra borc verməyəcəyini elan edib: "Verdiyim borcların çoxu batıb. Kənar adama borc verməmişəm. Hamısı dost-tanışdı. Qaytaran da olub, qaytarmayan da. Ağlı olan kəsin borcu olmaz. Müğənni var ki, toya elə paltarla gəlir, fikirləşirsən ki, görəsən hansı pulla alıb bunu. Borcun içində batanlar onlardı. Bundan sonra heç kimə borc verməyəcəm. Burdan deyirəm, borc üçün mənə ağız açmasın heç kim."

Anar Mədətov isə müğənnilərə pul buraxan kişilərdən danışıb və bəzi nüanslara aydınlıq gətirib.



DOSTLARINLA PAYLAŞ:

oyunlar