Krediti olan müğənnilər sanki zəncirdən asılı vəziyyətdə qalıblar.
Şou-biznes əhlinin avtomobillərinin və bahalı evlərinin kreditlə alınması heç kimə sirr deyil. Bəs görəsən müğənnilərimiz adətən banka ayda nə qədər pul ödəyir və ya hansı müğənnilər ümumiyyətlə kredit almırlar? Show.az “ATV maqazin” verilişinin keçirdiyi sorğunu təqdim edir:
Populyar müğənni İzzət Bağırov banklarla çox yaxşı münasibətdə olduğunu və tez-tez müraciət etdiyini bildirib:
“Bankdan pul aldıqda heç vaxt geçikdirmirəm. 27 dəfə avtomobil dəyişmişəm və avtomobil həvəskarı olduğum üçün kredit almağa məcbur oluram. Ayda isə banka adətən 2500-3000 manat ödəyirəm”.
Əməkdar artist Mətanət İsgəndərli də kreditə üz tutan müğənnilərdəndir. Müğənninin sözlərinə görə o, nə alıbsa elə kreditlə alıb. Hər ay banka 2000 manat ödəyən Mətanət İsgəndərli yorğanına görə, ayağını uzatdığını bildirib.
Müğənni Zamiq isə krediti son dəfə 4 il bundan əvvəl alıb:
“Krediti avtomobilə görə almışdım və ayda 2000-3000 manat ödəyirdim”.
Elza Seyidcahan elə indi də kredit həyatı yaşadığını etiraf edib. Hətta bir dəfə səfərə getdikdə evini banka girov qoyan müğənni, hazırda banka 500 manat ödədiyini bildirib:
“Sponsorlar olmadığından layihələrimə və konsertlərimə görə kredit almağa məcbur qalıram”.
Namiq Qaraçuxurlu isə kreditdən son dərəcə qorxduğunu etiraf edib:
“Mən ailə saxlayıram, Allah etməsin mənə bir şey olsa o krediti bəs kim ödəyəcək? Amma yaxın vaxtlarda kredit almaq fikrindəyəm, çünki avtomobil almaq istəyirəm”.
Krediti sevməyən müğənnilər isə Eyyub Yaqubov və Nadir Qafarzadədir.
Nadir Qafarzadə krediti olan müğənnilərin sanki zəncirdən asılı vəziyyətdə qaldıqlarını bildirib.