Sona Aslanovanın meyiti yandırılır
10 Mart 2011 Cümə Axşamı 23:46
Sona Aslanovanın ailəsi bunu ABŞ-da dəfn mərasiminin bahalı olması ilə izah edir
Amerika Birşmiş Ştatlarında dünyasını dəyişmiş Azərbaycanın tanınmış opera müğənnisi Sona Aslanovanın meyiti yandırılır. Opera səhnəmizdə Gülçöhrəni, Nigarı, Əslini böyük məharətlə oynayan və xeyli müddətdən bəri Amerika Birləşmiş Ştatlarında yaşamış 87 yaşlı Sona Aslanova bir neçə vaxt idi komada olub. Amma bu səhər həkimlər vəziyyətində irəliləyiş olmadığından onu süni nəfəs aparatından ayırıb. Mərhumun həyat yoldaşı Kamal Aslanovun ANS-ə verdiyi məlumata görə, Sona Aslanova dəfn edilməyəcək. Onun meyiti yandırılacaq.
“Sabah aparırıq onu da kremasiyaya, bu gün də eləmişik, sabah da davam edəcəyik. Özü vəsiyyət etmişdi ki, öləndən sonra məni yandırın. Qalan külünü təyyarə ilə okeana səpəcəyik”, - deyə Aslanov bildirib.
Mərhumun doğmaları bu addımı Birləşmiş Ştatlarda dəfn mərasiminin çox bahalı olması və cənazənin Azərbaycana gətirilməsinin çətinliyi ilə izah edir. Bunu əvvəlcən bilən mərhum sənətçi övladlarını əziyyətə salmamaq üçün bu vəsiyyəti edib və bunu yerinə yetirəcəklərinə dair onlardan vəd alıb. Ailəsi bildirib ki, son mərasim sabah yerli vaxtla saat 2-də baş tutacaq.
Xatırladaq ki, səsi və mahnıları ilə yaddaşımıza dərin iz salan, mükəmməl yaradıcılığı və pedaqoji fəaliyyəti ilə Azərbaycan musiqisinin inkişafında özünəməxsus xidmətləri olan Sona Aslanova Azərbaycan mədəniyyətinin məşhur simalarından biri hesab olunurdu. Sona Aslanova 1924-cü ildə oktyabrın 4-də Bakı şəhərində anadan olub.
DOSTLARINLA PAYLAŞ: