Səyyad Əlizadə qarət edildi
03 Aprel 2013 Çərşənbə 17:46
Müğənni Səyyad Əlizadə qarət edildi. Hadisə gecə yarısı baş verib.
Müğənni Səyyad Əlizadənin Nərimanov rayon Yusif Vəzir Çəmənzəminli 127 ünvanında yerləşən Yaradıcılıq Mərkəzində qarət hadisəsi baş verib. Bu haqda müğənni qarətin ertəsi gün məlumat alıb və sözügedən rayonun polis idarəsinə müraciət edib.
S.Əlizadə hadisə barəsində Simsar.az-a danışıb: “Oğrular mərkəzə arxa girişdən dəmir qapını sındıraraq daxil olublar. Külli miqdarda zərər törədərək orda olan 1 ədəd videokamera, 1 ədəd noutbuk, 2 ədəd mini-disk aparatı, xarici ölkələrdə iştirak etdiyim festivallardan qazandığım qiymətli mükafatlar, eyni zamanda, seyfi sındıraraq bir neçə lazımi sənədləri aparıblar”.
Polis idarəsindən müğənniyə verilən məlumata görə qarət hadisəsi gecə saat 02-05 arası baş verib: “Əməliyyat qrupu cinayətkarları tapmaq üçün lazımi tədbirlər həyata keçirir. Yaradıcılıq mərkəzim sakinlər yaşayan 5 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşir. Çox qəribədir ki, ora qələbəlik yerdir. Amma oğurluq hadisəsini görən olmayıb. Əməliyyat qrupu həm də binada yaşayan sakinləri də hadisə ilə əlaqədar sorğu-suala çəkir. Hələ ki, bir müsbət nəticə yoxdur”.
Sonda müğənni hadisə törədənlərin məhz pul əldə etmək məqsədilə mərkəzini qarət etmələri nəticəsinə gəldiyini açıqladı. Bildirdiyinə görə heç kimlə şəxsi qərəzliyi yoxdur.
DOSTLARINLA PAYLAŞ: