Sevda Yəhyayeva: "Hündürdaban geyinməyə məcburam"
18 Yanvar 2011 Çərşənbə Axşamı 17:20
MüğənniSevda Yəhyayeva "Aysel" jurnalına eksklüziv müsahibəsi.
Sevda Yəhyayeva 1985-ci ildə Abşeron rayonunun Qobu kəndində anadan olub. Qobu 2 saylı orta məktəbini bitirib. 2005-ci ildə "Yeni ulduz" müsabiqəsinə qatılıb və 3-cü yerin sahibi olub, sonradan solo ifaya başlayıb. Hazırda 3 klipi, 1 albomu var, canlı orkestrlə bir solo konsert verib.
- Həyatı nı iki yerə bölmək olar "Yeni ulduz" müsabiqəsinə qədər və sonra, 20 yaşında gənc qız Qobuda gününü necə keçirirdi?
- 15 yaşımdan "Lalə" qızlar ansamblında məşqlərə gedirdim. Məktəb və rayon üzrə keçirilən tədbirlərdə çıxış edirdim, sonra müsabiqəyə qatıldım.
- Qəsəbədə, qohum-əqrəba arasında müsabiqəyə qatılma qərarın necə qarşılandı?
- Çox yaxşı. Çünki müsabiqə mənim üçün tramplin oldu. Müsabiqələr gənclərə professional səhnəyə gəlməyə kömək olur. Ailəmdə bilirdilər ki, müğənniliyə həvəsim var və mənə dəstək oldular.
- Müstəqil yaşamağa nə zaman qərar verdin?
- Özümü tam dərk edəndən sonra, təkbaşına nələrinsə qulpundan yapışa biləcəyimi başa düşəndən sonra. Anamla gün ərzində dəfələrlə telefonla danışıram, həftədə bir dəfə Qobuya baş çəkirəm. Ona görə də təkliyimi hiss etmirəm. Müstəqil yaşamağımda əsas səbəb gecəyə qədər uzanan yorucu işlərimdir. Hal-hazırda konservatoriyada təhsil alıram, hər səhər dərsə getməliyəm. Qobu qəsəbəsi şəhərdən uzaqda olduğuna görə mən buna məcbur oldum. İstər-istəməz yol adamı yorur.
- Kirayə evdə qalırsan, geyiminə, xarici görkəminə xeyli pul xərcləyirsən, bahalı stilistlə çalışırsan, gəlirin kifayət edirmi?
- Şükürlər olsun ki, gəlirlərim buna rahatlıqla imkan verir, toy, banket, şou-proqramlardan qazanıram. Artıq 5 ildir bu sənətdəyəm və müxtəlif sahələrdə dostlarım var, stilistlər, vizajistlər, klipmeykerlər, əlbəttə ki, mənə güzəşt edirlər.
- Bir müsahibəndə demisən ki, ildə geyimlərinə 50-60 min dollar xərcləyirsən, düzdür?
- Onu zarafatla demişdim.
- Bəs ciddi desək, nə qədər xərcləyirsən?
- Açığı, heç hesablamamışam, hər halda 50-60 min dollar olmaz. Bu qədər pulu paltara yox, işlərimə - kliplərə, mahnılara xərcləyərəm. Düzdür, səhnə adamı üçün geyimləri önəmlidir, amma heç vaxt bahalı paltar dalınca qaçmamışam. Əsas odur ki, geyim mənə yaraşsın. Önəmli deyil ki, bütün geyimlərim brend olsun, bir aksesuar, məsələn, kəmər brend olsa, mənə bəsdir, onu başqa geyimlərlə uyğunlaşdıra bilərəm.
- Bir az geyim üslubun barədə danış?
- Mütəmadi olaraq moda jurnallarını, o cümlədən "Aysel"i də oxuyuram, Fasion TV-yə baxıram ki, yeni mövsümün dəbi ilə tanış olum. Özümü idman üslubunda rahat hiss etsəm də, sənətimə görə çox zaman hündürdaban geyinməyə məcburam, baxmayaraq ki, onda çətinliklə gəzirəm. Çox sevdiyim rənglər açıq-yaşıl, firuzəyi, çəhrayı və qara rənglərdir. Bu rənglər mənə çox yaraşır.
- Haqqında gəzən söz-söhbətləri, şayiələri, adətən kimdən öyrənirsən?
- Əlbəttə, düşmən bunu heç zaman deməz. Dostlar, yaxınlar deyə bilər ki, hansısa insan səni sevmir, gözü səni götürmür. Bu məni narahat etmir, çünki bar verən ağacı həmişə daşlayarlar. Mən sadəcə, öz işimlə məşğulam və onlara da demək istəyirəm ki, işləri ilə məşğul olsunlar. Ümumiyyətlə, müğənnilərin arxasınca danışılanlara pis baxmıram. Çünki elə müğənnilər var ki, onlar haqqında eşitmək mənə də maraqlıdır. Kim ki, insanlara maraqlıdır, onun haqqında danışmağa can atırlar. Buna normal baxıram.
- Sənə ailə qurmaq barədə sual vermirlər ki?
- O qədər verirlər… Amma mən bu barədə düşünmürəm. Hazırda həyatımda əsas yerdə yaradıcılıq işlərimdir, ailəm də, şəxsi münasibətlərim də işlərimdir. Gecə-gündüz sənətimlə məşğulam.
- Hər şeyin öz yeri var, ürəyini qıfıllaya bilmərsən axı?
- Düzdür, ürək qapımı döyənlər çoxdur, amma mən açmıram. Qapının gözcüyündən baxıram və açmıram.
- Bəlkə ürəyincə olanı yoxdur?
- Ola bilər.
- İdealında canlandırdığın kişi necədir?
- Adətən həmişə düşündüyümüzün əksi çıxır qabağımıza. Əsası odur ki, ağıllı, düşüncəli olsun, qarşısındakını başa düşməyi bacarsın. Xarici görünüşü də yaraşıqlı olmalıdır. Ən azından mənə yaraşmalıdır (gülür - red.).
- Onu xarici kinoaktyorlardan kimə bənzədirsən?
- Al Paçinoya.
- Gəncsən, həyatda təcrübən azdır, kimin məsləhətlərinə qulaq asırsan?
- Peşəkar səhnədə gənc olsam da, çox adamlar görmüşəm, aldadanlar da olub, özünü yaxşı kimi qələmə verənlər də. Mən həmişə ağıllı məsləhətə qulaq asmışam. Axı insan tək hər şeyin öhdəsindən gələ bilməz. İnsanları tanımaq çox çətindir. Ona görə də istər bu sənətdə olan, istərsə də kənar şəxslərin ağıllı məsləhətlərinə həmişə qulaq asıram.
- Bir aralar Röya ilə çox yaxın idiniz, bunu PR üçün edirdiniz?
- Əsla yox. Röya çox yaxşı qızdır, hər zaman da gənclərə dəstək olub. O, insanları yaxşı tanıma qabiliyyətinə sahibdir. Mənim də qabımda bir şey olmasa, nə qədər o məni dalınca dartsa, heç nə alınmaz. Röya bir dəfə mənə demişdi ki, müğənninin özündə də nə isə olmalıdır və az da olsa, tamaşaçı onu sevməlidir ki, bir verilişə səni mənə görə çağırsalar, o biri verilişi də sənə görə məni çağırsınlar. PR müvəqqətidir, amma bizim münasibətlərimiz daha dərindir.
- "Buz kimi" mahnın hazırda çox populyardır, ifan da çox gözəldir.
- Bəstəkar və müğənni Pərviz Mahmudovla işbirliyimiz əla alınır. Ondan 3 mahnı götürmüşəm- "O zaman", "Sənsiz" və "Buz kimi". Hər üçü sevilən mahnıdır. Qarşıda da iki yeni mahnımız var. "Buz kimi" mahnısı həm də ona görə sevildi ki, işlənməyən mövzu idi.
- Sənə heç deyiblər ki, buz kimi qadınsan?
- Mən daxildən çox çılğın insanam, amma bunu büruzə verə bilmirəm. Tanımadığım insanların çərçivəsində başqaları kimi özümü kiməsə yaxşı göstərmək üçün öpüşə, yaxın ünsiyyət qura bilmirəm. Bunu bacarmıram, sıxılıram və kənardan elə görünür ki, soyuqqanlıyam, özümdənrazıyam, maraqsızam, yox maraqsız deməzdim, maraqlıyam (gülür - red.). Bu da ondan irəli gəlir ki, süni şeyləri bacarmıram. Bu, bəlkə də kompleksdir ki, soyuq qadın obrazını yaradır. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: