Röya səhnəyə ayaqyalın çıxdı
02 Oktyabr 2009 Cümə 00:00
Ayaqları şişən müğənni Bakıda özü üçün ayaqqabı tapa bilməyib
Bu gün Akademik Opera və Balet Teatrında müğənni Röya Ayxan konsert verib. Konsert proqramı vəd edildiyi kimi saat 19:00-da deyil, 40 dəqiqə gec başlayıb və 2 saat davam edib. Konsert başlamazdan öncə səhnədə işıqlar yanıb və bu an Röyanın səsi eşidilib: ”Mən bu gün sizə bətnimdəki körpəmin nağılını danışacağam”.
Bu sözlərdən sonra uşaq rəqs qrupu, körpə uşaqlar və “Can Bala” qrupu səhnəyə çıxaraq “Bəbələr” mahnısını ifa edib. Elə bu an Röya mələk libasında və hər iki tərəfində mələk geyimli uşaqlarla göydən yelləncəkdə enərək "Can Bala" qrupu ilə birlikdə konsertin ilk mahnısını ifa edib. Röyanın konsertin açılışında geyindiyi libas olduqca maraqlı olub. Belə ki, paltar iki hissədən ibarət olub: ətək və köynəkdən.
Röya səhnəyə ayaqyalın çıxıb, ayaqları şişdiyi üçün bütün şəhəri ələk-vələk edən müğənni ayağına bir cüt ayaqqabı tapa bilməyib.
Konsert zamanı olduqca hərəkətli olan müğənni deyib ki, paltar indi əynindən düşəcək. Birinci mahnısı oxuyub qurtardıqdan sonra Röya tamaşaçıları salamlayıb və həmişəki kimi onlarla səmimi ünsiyyətə başlayıb.
Röya konsert ərzində 15-16 mahnı oxuyub. İfaçı üçüncü mahnısını səsləndirərkən gözlənilmədən səhnənin yuxarısından Röyanın mahnılarının adı yazıldığı vərəqlər yerə səpələnib. Beşinci mahnıdan sonra isə müğənni demək olar ki, nəfəs ala bilmirdi. Elə konsertdəki mahnıların əksəriyyəti fonoqram şəklində səslənib.
Tamaşaçılar arasında Röyanın həyat yoldaşı Anar yox idi. Onun səhnə arxasında olduğunu deyən Röya hələ tamaşaçılara da məsləhət verib ki, həyat yoldaşlarından onun kimi bərk yapışsınlar, gözlərindən o tərəfə qoymasınlar.
Röya paltarını dəyişməyə gedən zaman səhnədə Röyanın bənzəri “Fərəh” mahnısı ifa edib.
Röya ilə səhnəni müğənni Elnur paylaşmalı olub. Elnur səhnəyə balaca qız uşağı ilə çıxaraq Röyanın “Röyasan” mahnısını ifa edib. Digər qonaqlara gəldikdə isə müğənni onların konsertin sonuncu günü gələcəklərini bildirib.
İkinci dəfə səhnəyə çıxan Röya bu dəfə də sadə geyinmişdi. Sadəcə olaraq cins və ağ maykadan ibarət olan bu geyim Röyaya olduqca yaraşırdı.
Qeyd edək ki, Röya konsertdə jurnalistlərə, televiziya işçilərinə, bir sözlə, mətbuat nümayəndələrinə olduqca ehtiramla yanaşıb. Müğənninin köməkçisi mətbuat nümayəndələrinə digər konsertlərdə də iştirak etmək üçün biletlər paylayıb.
Həmçinin onu da deyək ki, Röya konsertdən əvvəl söz verdiyi kimi canlı fəvvarənin quraşdırılması, onunla yaxşı münasibəti olmayan müğənni həmkarlarına sataşacağına dair verdikləri vədləri yerinə yetirməyib. Konsertdən sonra jurnalistlərə müsahibə verən ifaçı bildirib ki, daha heç kimlə qalmaqal yaşamaq istəmir. Bu vəziyyətində, yəni hamiləlik dövründə özünü uşaq kimi pak hiss etdiyini söyləyən Röya indi Allaha daha yaxın olduğunu bildirib.
Röya konserti “Ulduz nəğməsi” ilə bağlayıb. Konsert bitdikdən sonra əməkdaşlarımız konsert keçirilən binanın ətrafına diqqətlə nəzər salsalar da, heç bir təcili yardım maşınıni görməyiblər...
DOSTLARINLA PAYLAŞ: