Röya:“Həyatımda iki kişi var”
21 Fevral 2013 Cümə Axşamı 14:55
“Onun tanınmış olmasını istəmirəm. Hər ailədə bir tanınmış oldusa, bəs edər”
ANS PRESS müğənni Röyanın “Qafqazinfo”ya müsahibəsini oxucularına təqdim edir.
-Həyat yoldaşınızla ayrılma xəbərləri hələ də şayiə kimi dolaşır. Bu haqda nə deyərdiz?
-Hər şey əladır. Xəbər yayılmışdı ki, guya biz küsmüşük, ayrılmışıq. Amma yalandır. Mənim haqqımda şayiə hər zaman gəzir. Ərimlə hər şey çox gözəldir. Allaha qurban olum, mənim həyatıma gec də olsa ərimi və oğlumu verdi. Onlar mənim hər şeyimdir. Kimin oğlu varsa deyir ki, mənim həyatımda bir kişi var, ərimdir... Yalan deyir. Mənim həyatımda iki kişi var. Biri oğlum, biri də ərimdir.
-Türkiyə şou-biznesinə qatılmağınız sizə çətin gəlmir? Ordakı işlərinlə bağlı ən son yeniliklər nədir?
- Mən Türkiyə şou-biznesində tanınmağımı qarşıma məqsəd qoymuşam. Ancaq mən heç zaman unutmuram ki, doğma yurdum Azərbaycandır. Sadəcə işimin bir qismini də, orada qurmağı düşünürəm. Bəzən söz-söhbətlərdən bezsəm də, artıq fikir verməməyə başlamışam. Bir də görürsən ki, sosial şəbəkədə başqa, anonim adla girib, mənim yazılarımın altından xoşagəlməz şərhlər yazırlar. Amma yenə də onlar məni ruhdan sala bilməz. Çünki sevənlərimin sayı, sevməyənlərimdən çoxdur. Mən gələcəyə doğru addımlamağı bacarıram. Adamlar var irəli getdiyini zənn edir. Ancaq illərdir yerində addımlayır.
-Hər zaman şou-biznesdə sizin kiminləsə duetiniz olub. Yeni duet gözlənilirmi?
- Bizim yerli şou-biznesimizdən Zamiqlə duet oxumağı düşünürəm, lakin hələ mahnı yazdırmaq qalıb. Deyə bilmərəm ki, növbəti duetim yerli muğənni deyil, əcnəbilərdən olacaq. Türkiyənin tanınmış sənətçilərindən olan bəstəkar müğənni Dəniz Səki də mənim üçün mahnı yazıb. Yaradıcılıq işlərimdə yenilik çoxdur. Lakin mən hər zamankı kimi iş tam hazır olduqdan sonra təqdim etməyi sevirəm.
- Bir millət, iki dövlət olduğumuzu Türkiyədə hiss edirsinizmi?
- Hə... Elə bil ki, öz vətənimdəyəm. Mən Azərbaycanı daha çox istəyirəm, amma orda heç qəribçilik çəkmirəm.
- İndiki dövrdə hər kəs Türkiyəyə gedir. Orada deyəsən tanınmaq asandır...
- Yox. Orada tanınmaq asan deyil. Əksinə, çox çətindir. Hətta mənim özümü orada yaxşı tanıtmağım üçün illər lazımdır. İnanırsız ki, mən orda bir mahnının aranjimanın 12 min dollara etdirdim. Heç asan deyil...
- Türkiyə mediasında sizin haqqınızda xəbərlər çıxır. Məlumatlara görə, bizim ora tanınmaq üçün gedən müğənnilərimiz mediada PR üçün pul xərcləyirlər. Siz də belə etdiniz?
- İnanın Allaha, heç bir qəpik də pul verməmişəm ki, Türkiyə mediasında xəbərim çıxsın. Onlar baxır Azərbaycan mətbuatının yazdıqlarına və sonra məndən yazırlar. “Göndər” klipim çıxanda Türkiyə mediasında məni Rihanna kimi təqdim etdilər. Sonra onlar Azərbaycan mətbuatını izlədilər və gördülər ki, belə deyil. Mənim burda özümə məxsus yolum var. Təzə-təzə hər kəsi kiməsə bənzədirlər. Mənə də Rihanna demələri normaldır. Amma hər zaman mənim həyatım fərqliliklə dolu olur. Onlar maraqlanmağa başlayıblar ki, görəsən bu qız kimdir?
- Qardaşınız da Türkiyədə tanınmaq uğurunda bir addım atıb. Seriala çəkilib və Röya üçün bu xoş deyil deyəsən...
- Hə. Onu bir müddət bundan öncə seriala dəvət etdilər. Rol alıb, oynadı. Ancaq mən istəmirəm ki, o tanınsın. Hər ailədə bir tanınmış oldusa, bəs edər. Onun tanınmış olmasını istəmirəm. Onun öz sənəti var, o uşaqdır, öz işi ilə məşğul olsa yaxşıdır.
-Azərbaycanda Röyalaşma var...
- Düzdür. Bir tərəfdən sizinlə razıyam. Amma digər tərəfdən isə onlar sadəcə mənim mahnılarıma bənzər mahnılar ifa etdiklərinə görə, onları mənə bənzədirlər. İfa etdiyim mahnılara baxıb eyni üslubda mahnılar oxuyurlar. Əksər hallarda bənzətmə məsələləri belə olur. Bəstəkar mənə mahnı yazır. Baxıram ki, bu mahnıya əvvəllər müraciət etmişəm. Yəni ifa etdiyim mahnılarla oxşar olduğuna görə, deyirəm day bunu oxumuşam, mənlik deyil. Sonra mənə yazılan, lakin imtina etdiyim mahnıları gənc müğənnilərin ifasında görürəm. Özlərini mənə oxşatsalar, yaxşı olacaq. Çünki ailəsinə bağlı müğənni olacaqlar. Amma bilmək olmaz, indi çıxan müğənni sabah məndən artıq ola bilər. Lakin hələ yekəbaşlıq etməsinlər.
- Ən son duet oxuduğunuz Niyam Səlamidir. Siz duet oxuduğunuz bəzi müğənnilər bir müddət sonra sizə düşmən kəsilir. Niyamdan belə bir şey gözləyirsiniz?
- Yox mən demişəm ki, daim ona dəstək olacağam... Küssək də, dalaşsaq da, o mənim dəstəyimi görəcək. Onsuz da mən haqsızlıqlara öyrəşmişəm.
DOSTLARINLA PAYLAŞ: