Rəşad İlyasovun avtomobilini qarət etdilər
13 Avqust 2011 Şənbə 01:07
Maşından müğənninin əl çantası aparılıb
Avqustun 10-da saat 23:00 radələrində populyar estrada müğənnisi Rəşad İlyasovun avtomobili oğruların hücumuna məruz qalıb. Hadisə Bakının Nərimanov rayonu ərazində, 5 saylı xəstəxananın yaxınlığında yerləşən çay evinin qarşısında baş verib.
“Səsyazma studiyasında yeni mahnı yazdırmalı idim. Ora tez getdiyim üçün bir qədər vaxtım var idi. Bu müddəti dostlarıma məxsus çay evində keçirmək istədim. Çay evinə daxil olmağımdan 20 dəqiqə keçməmişdi ki, küçədən xəbər gətirdilər ki, "Toyota Prado" avtobili kimindir, şüşəsini sındırıblar. Mən avtomobilimin yanına gedincə təbii ki, oğrular öz işlərini görüb qaçmışdılar. Sol tərəfdən arxa qapının şüşəsini sındırıb əl çantamı aparmışdılar. O çantanı mənə dostlarımdan biri - teleaparıcı Səxavət Nur hədiyyə etmişdi. Çox işimə yarayırdı. Heyif ki, oğurlandı. Çaşqın vəziyyətdə olsam da, dərhal 102 xidmətinə zəng etdim, polislər gəldi. Yerində ərizə və izahatlar yazdım. Ümdivaram ki, oğru və ya oğrular tapılıb öz layiqli cəzalarını alacaqlar”, - Rəşad İlyasov Trend-ə deyib.
90 XP 440 dövlət nömrə nişanlı avtomobilindən oğurlananlar barədə isə müğənni bunları söyləyib: “Çox şükür ki, avtomobilin sənədləri, ən əsası sürücülük vəsiqəm oğurlanmayıb. Maşını qarət edənlər ancaq əl çantamı aparıblar ki, onun da içində kredit kartlarım, şəxsi əşyalarım və hardasa 200 manat var idi. Dünən kart hesablarımın dondurulması ilə məşğul olmuşam. Şifrəni bilmədikləri üçün oğrular hesabımdakı pula toxuna bilməyiblər”.
Rəşad sonda sürcülərə dəyərli məsləhət verməyi də unutmayıb: “Son günlər sənətçilərin avtomobillərinin qarət olunması ilə bağlı xəbərləri eşidirik. Həm həmkarlarıma, həm də bütün sürücülərə səslənib deyirəm ki, oğruların hücumlarına məruz qalmamaqdan ötrü avtomobillərindən düşdükləri zaman şəxsi əşyalarını da özləri ilə götürsünlər. Adi bir səhlənkarlıq oğruların işini yüngülləşdirir”.
DOSTLARINLA PAYLAŞ: